AZ

Viktor Orban: Macarıstan Rusiyaya enerji qadağasının qarşısını almaqda qərarlıdır

Macarıstan hökuməti Ukraynanın maraqları naminə Avropa Komissiyasının Rusiyanın Avropaya enerji tədarükünə tam qadağa qoyulması ilə bağlı təklifinin qarşısını almaqda qərarlıdır.

Operativ Media xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban hökumətin enerji məsələlərinə dair keçirdiyi fövqəladə iclasın yekunları ilə bağlı çıxışında bildirib.

"Ukraynadan qaynaqlanan enerji təhlükəsi səbəbindən təcili iqtisadi iclas keçirməyə məcbur oldum. Brüssel ukraynalılara yardım etmək məqsədilə macar və Avropa ailələrinin rifahını qurban verməyə hazırdır. Avropa Komissiyası Rusiyadan qaz və neft nəqlini dayandırmaq niyyətindədir. Bu isə Macarıstan üçün 800 milyard forint (təxminən 2 milyard avro) əlavə xərc deməkdir", – deyə Orban televiziya ilə yayımlanan videomüraciətində qeyd edib.

Baş nazir izah edib ki, bu məbləğ hökumətin hər il dövlət büdcəsindən kommunal xidmət haqlarını azaltmaq və macar ailələrinin mənzil-kommunal xərclərini subsidiyalaşdırmaq üçün ayırdığı vəsaitə bərabərdir. O, xəbərdarlıq edib ki, əgər Avropa Komissiyasının planı qüvvəyə minərsə, qaz və elektrik enerjisi tarifləri bir neçə dəfə artacaq.

"Bu artımın qarşısı yalnız hökumət Avropa İttifaqının Brüsseldə belə bir qərar qəbul etməsinə imkan vermədiyi halda alına bilər", – deyə Orban vurğulayıb.

Seçilən
0
29
operativmedia.az

10Mənbələr