Hüseyn İbrahimov: “Aİ-də milli maraqlardan çıxış edərək siyasət yeridənləri Brüssel süngü ilə qarşılayır”
Macarıstan müstəqil siyasət aparan nadir ölkələrdən biridir. Xüsusilə Avropa İttifaqı çərçivəsində müstəqil siyasət aparmaq kifayət qədər çətindir. Bu fikirləri Prezident İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanla mətbuata bəyanatında səsləndirib.
Dövlət başçısı sözügedən məsələ ilə bağlı bunları qeyd edib: “Çünki bir çox qaydalar var, bir çox oturuşmuş prinsiplər var və Avropa İttifaqının vahid xarici siyasəti təbii olaraq prinsiplərdən biridir. Buna baxmayaraq, dostum Viktor Orban həmişə Macarıstanın dövlət və milli maraqlarını hər şeydən üstün tutub. Biz bunu alqışlayırıq”.
Həqiqətən də Macatıstan, bu ölkənin lideri Orban Avroittifaq məkanında öz maraqlarını qətiyyətlə müdafiə etməyi bacarır. 27 ölkədən ibarət bir qurumda axına qarşı getmək, kənar qüvvələrin macar cəmiyyətinə dağıdıcı təsir cəhdlərini qətiyyətlə neytrallaşdırmaq asan məsələ deyil, amma Orban bunun öhdəsindən gəlir. Orbanın yeritdiyi siyasət sayəsində Macarıstan öz milli maraqlarını qoruya bilir.
“Macar xalqı ona görə Orbana etimad göstərir ki, o, Macarıstanın milli və dövlət maraqlarından çıxış edir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İdarəçilik Akademiyasının müəllimi, sosioloq Hüseyn İbrahimovun fikrincə, Macarıstan lideri ölkəsinin maraqlarını böyük fədakarlıqla müdafiə edir: “Heç kəsə sirr deyil ki, Avropa İttifaqı 27 üzvdən ibarət olsa da, qurumun siyasətinə yön verən əsas ölkələr Fransa ilə Almaniyadır. Xüsusən Fransa öz maraqlarından çıxış edərək Aİ-nin siyasətini şəkilləndirməyə çalışır. Az sayda ölkə Aİ-də dövlətin milli maraqlarıından çıxış edir ki, onların başında Macarıstan gəlir. O cümlədən, Slovakiya hakimiyyəti də ölkənin milli maraqlarından çıxış edərək Bresselin siyasətinə bir sıra hallarda etiraz edir. Ancaq biz görürük ki, Aİ-də fərqli mövqe və milli maraqlardan çıxış edərək siyasət yeridənləri Brüssel süngü ilə qarşılayır. Onların rəhbərlərini - Orbanı, Fitsonu Avropanın aparıcı media orqanları pressinq edir. Onların barəsində “avtoritar” obrazı yaratmağa çalışırlar. Halbuki, Viktor Orban seçki yolu ilə hakimiyyətə gəlib. Macar xalqının ona davamlı seçkidə göstərdiyi etimad sayəsində 15 ildir ölkəyə rəhbərlik edir. Niyə? Çünki Macarıstanın milli və dövlət maraqlarından çıxış edir. Bu səbəbdən Orban Aİ-də ciddi təzyiqlərlə üzləşir. Macarıstanı sanksiyalarla, qurumda səsvermə hüququndan məhrum edəcəkləri ilə hədələyirlər. Bütün bunlar özlərini demokratiyanın beşiyi hesab etdikləri Avropada baş verir. Avropa Sülh Fondu işğalçı Ermənistana yardım edir, Azərbaycana etmir. Macarıstan haqlı olaraq buna veto qoyur və izahat tələb edir. Ancaq Aİ belə ədalətsiz yanaşmaya izahat vermək əvəzinə Orbana təzyiq göstərir. Budurmu Avropa demokratiyası? Ona görə də Aİ çərçivəsində müstəqil siyasət aparmaq çox çətindir, amma Macarıstan liderinin qətiyyəti sayəsində bu mümkündür”.
Vidadi ORDAHALLI