İsrailin keçmiş baş naziri Ehud Olmert cümə axşamı Qəzza zolağında davam edən müharibəni pisləyib, milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Bezalel Smotrişi “terrorçular” adlandıraraq, onları İsrail daxilində vəziyyətin pisləşməsinə və dövlətin beynəlxalq təcridinə görə məsuliyyət daşıdığını bildirib.
Moderator.az "İslamnews" nəşrinə istinadla xəbər verir ki, Olmert İsrailin "103 FM" radiosuna verdiyi müsahibədə deyib: "İki terrorçu - Ben-Qvir və Smotriçin yeritdiyi siyasət İsraili fəlakətə aparır və onun dünya tərəfindən təcrid olunmasına və rədd edilməsinə səbəb olacaq".
Onları terrorçu hesab edib-etmədiyini birbaşa soruşduqda, Olmert belə cavab verib: "Bəli, onlar terrorçudurlar". O, Qəzza zolağına qarşı davam edən müharibəni də sərt şəkildə tənqid edərək deyib: "Bu, məqsədsiz və heç bir uğur ümidi olmayan müharibədir. Bu, heç bir əsası olmayan aldatma və təkəbbürlü öyünmədir".
Olmert hökuməti "hakimiyyətdən sui-istifadə və təkəbbürə" son qoymağa çağıraraq, İsrailin "ifrat və faşist hökumət"in rəhbərliyi altında "uçuruma doğru irəlilədiyini" vurğulayıb.
Bu bəyanatlar Qəzzada davam edən və əksəriyyəti qadın və uşaq olmaqla 175 mindən çox fələstinlinin ölümünə və ya yaralanmasına, həmçinin minlərlə insanın itkin düşməsinə və yüz minlərlə insanın didərgin düşməsinə səbəb olan müharibənin davam etdiyi bir vaxtda Benyamin Netanyahu hökumətinə qarşı artan daxili və beynəlxalq tənqidlər fonunda səslənir.
S.Laçın