AZ

Azad rayonlarda “yaşıl enerji” mənbələri...


Müasir dünyada “yaşıl enerji”yə tələbat get-gedə artır, deyə bilərik ki, bütün ölkələr alternativ və bərpa olunan enerjidən istifadə etməkdə çox maraqlıdır. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, Qarabağ İqtisadi rayonunda və Şərqi Zəngəzurda “yaşıl enerji” mənbələri var.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nın mövcud olduğu və hazırda icra edildiyini bilirik.

“Yaşıl enerji”dən istifadə dünyada öz aktuallığını artırıb. Azərbaycan alternativ və bərpa olunan enerji mənbələri ilə çox zəngindir. Ölkəmizbərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələrdəndir. Azərbaycanda bu sahənin inkişafı ilə bağlı konkret hədəflər müəyyənləşdirilib və “yaşıl enerji”yə sürətlə keçid edilir.

Azad rayonların “yaşıl enerji” potensialı...

Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də respublikamızda “yaşıl enerji” istehsalının genişləndirilməsi mühüm yer tutur. Ölkəmizin ümumi enerji istehsalında hədəfi bərpa olunan enerji payını 2025-ci ildə 24 faizə, 2030-cu ildə isə 30 faizə çatdırmaqdır.

Statistik göstəricilərə görə, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, Xəzər dənizinin Azərbaycana aid olan hissəsində isə 157 qiqavatdır. Bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 qiqavat, o cümlədən, külək enerjisi üzrə 3 min MVt, günəş enerjisi üzrə 23 min MVt, bioenerji potensialı 380 MVt-dır . Dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.

Azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də, Naxçıvan bölgəsi Azərbaycanda "yaşıl enerji" zonaları elan edilib. İşğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji”yə keçid Azərbaycan üçün mühüm strateji məqsədlərdəndir. İşğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı qarşıya qoyulan vəzifələrin icrası məqsədilə Yaponiyanın TEPSCO şirkəti ilə müqavilə imzalanıb. Regionun enerji təminatını həyata keçirmək məqsədilə ”yaşıl enerji" zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyası və Baş plan mövcuddur.

Su, külək, Günəş enerji mənbələri...

Yazılanlara görə, azad edilmiş torpaqlarımızın “yaşıl enerji” potensialı çox böyükdür. Belə ki, yer səthinə düşən günəş radiasiyasının miqdarına görə Zəngilan, Cəbrayıl, Qubadlı və Füzuli rayonları Naxçıvan MR-dan sonra ikinci yerdədir.

Keçən ilin hesablamalarına görə, Qarabağ və Şərqi Zəngəzur ərazilərində 10 qiqavat həcmində günəş və külək enerjisi potensialı mövcuddur. Belə ki, Qubadlı, Zəngilan, Cəbrayıl, Xocavənd və Füzuli rayonları texniki potensialı 7200 MVt çox olan günəş enerjisindən istifadə üçün əlverişli şəraitə malikdir. Mətbuatda gedən proqnozlara görə, Laçın və Kəlbəcər rayonlarının dağlıq ərazilərində külək enerjisinin texniki potensialı 2 min MVt həcmində qiymətləndirilir. Kəlbəcər, Ağdərə, Şuşa rayonlarında isə geotermal enerji mənbələrindən “yaşıl enerji” kimi istifadə olunması imkanları daha çox diqqət çəkir. İlkin təhlillərə əsasən, Kəlbəcər rayonunda 3093 m³/gün, Şuşada isə 412 m³/gün termal su ehtiyatlarının mövcud olması ehtimal edilir. Geotermal enerji mənbələrindən enerji istehsalında və istehlakında istifadə, adətən, böyük həcmli maliyyə vəsaiti tələb etmir.

Kəlbəcər və Laçında külək enerji stansiyasının inşa edilməsi gündəmdədir.

Mətbuatda gedən məlumatlara görə, keçən il keçirilənCOP29 çərçivəsində Cəbrayıl rayonunda 240 MVt gücündə Şəfəq Günəş Elektrik Stansiyasının təməli qoyulub.Bu stansiya işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ilk sənaye miqyaslı günəş enerjisi və ən böyük birbaşa xarici investisiya layihəsidir. Layihə 3 iyun 2021-ci il tarixində Energetika Nazirliyi ilə bp arasında imzalanmış İcra Müqaviləsi əsasında həyata keçirilir.

2024-cü ildə Azərbaycanla İranın dövlət sərhədində - Araz çayı üzərində inşa edilən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları işə salınıb.

İşğaldan azad edilən ərazilərimizdə Tərtərçay, Bazarçay, Həkəriçay kimi əsas çaylar və digər kiçik çaylar böyük hidroenerji potensialına malikdir. Qarabağ və Şərqi Zəngəzur regionunda həyata keçirilən “Yaşıl Enerji Zonası”nın yaradılması məqsədilə 2030-cu ilə qədər ümumi gücü 467 MVt olan 72 kiçik su elektrik stansiyası olacaq.

Məlumata görə, azad edilmiş ərazilərimizdə qurulan şəhərlər və kəndlərin hamısında "yaşıl" enerjidən istifadə nəzərdə tutulur.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında günəş və külək elektrik stansiyalarının yaradılması ilə bağlı hazırlanmış konsepsiyaya əsasən, həmin ərazilərdə istehlak edilən elektrik enerjisinin yalnız bərpaolunan enerji mənbələrindən alınacağı nəzərdə tutulub. Bu da artıq öz müsbət nəticəsini verməkdədir.

Belə ki, ölkənin enerji sistemi tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzur regionlarının elektrik enerjisi tələbatı 100 faiz "yaşıl enerji" hesabına təmin edilir və tələbatdan artıq qalan həcm ölkə enerjisi sisteminə ötürülür. Perspektiv layihələr də nəzərə alınsa, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra edilmiş və icrası gözlənilən “yaşıl enerji” layihələri ümumilikdə 1100 MVt təşkil edir ki, bu da regionun mövcud enerji tələbatından 12-15 dəfə çoxdur. Regionun 2040-cı il üçün ümumi güc tələbatı 1000 MVt proqnozlaşdırılır ki, bu da icra olunacaq "yaşıl" enerji layihələrinin həcmi nəzərə alınmaqla 20 il sonra bölgənin tam olaraq "yaşıl" enerji ilə təmin ediləcəyi deməkdir.

Evlər, sosial obyektlərin alternativ enerji mənbələri ilə təminatı...

Torpaqlarımız azad olunduqdan sonra ermənilər tərəfindən dağıdılmış infrastruktur yenidən bərpa edilməyə başlandı. Bu bölgələrdə “yaşıl iqtisadiyyat” konsepsiyası həyat keçirilməyə başlandı və bu istiqamətdə konkret addımlar atılmaqdadır. Bütün bu proseslər "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyası əsasında Zəngilan rayonunda Ağalı kəndinin inşası ilə start götürdü.

Bütün yaşayış evləri, sosial obyektlər, inzibati və ictimai iaşə binaları, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesi alternativ enerji mənbələri ilə təmin edilib. Bu gün Ağalı kəndində küçələrin "ağıllı" işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, günəş panellərinin quraşdırılması kimi müasir şəhərsalma standartları tətbiq olunub.

Eləcə də, kəndin daimi enerji ilə təmin edilməsi üçün Həkəri çayı üzərində su-elektrik stansiyası inşa edilib. Bundan başqa, Ağdam rayonunun Baş Qərvənd kəndi də "ağıllı kənd" layihəsi ilə tikilir. Kənddə enerji daşıyıcılarına qənaət etmək məqsədilə alternativ enerjidən istifadə olunacaq. Füzulinin Dövlətyarlı kəndi də "ağıllı kənd" konsepsiyasında tikilir. Füzulidə günəşli günlərin sayının çox olduğuna görə kəndin enerjiyə olan tələbatı 50 hektarlıq sahədə qurulacaq günəş panellərinin hesabına təmin ediləcək. İnvestisiya layihəsinin gücü 50 MVt olacaq.

Bundan başqa, Laçın şəhərinin özündə, Zabux və Sus kəndlərində yaşıl texnologiyalar istifadə edilir.

Zabuxun 223, Sus kəndində isə 59 fərdi yaşayış evinin hər birinin üzərində 3kVt gücündə günəş paneli quraşdırılıb. Yenidən tikilən məktəblərdə, bağçalarda, dövlət idarələrində də yaşıl enerjidən istifadə edilir. Buna misal olaraq Füzuli rayonunda yenidən tikilən məktəbin damında 40 kVt gücündə günəş panellərinin quraşdırılmasını göstərmək olar.

Şuşa şəhərində də Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzində "yaşıl" enerji texnologiyaları tətbiq edilib. Mərkəzin ərazisində elektromobillərin enerji ilə doldurulmaları üçün qurğular və günəş enerjisi ilə çalışan panellər quraşdırılıb.

Xocalıda isə "Smartflower" günəş enerjisi qurğusu quraşdırılıb. Qurğu 2,5 kVt gücə malikdir və illik 6500 kVt-saat "yaşıl" enerji istehsal edir. Enerji istehsalı ilə yanaşı, bu qurğu elektrik avtomobilləri, velosipedlər və skuterlər üçün enerji doldurma stansiyası kimi də xidmət edəcək. Xankəndinin enerji sistemimizə qoşulması, ərazilərimizin Şuşa yarımstansiyası vasitəsilə elektrik enerjisi ilə təmin olunması elektronergetika tariximizin qürurverici hadisələridir.

“Yaşıl enerji” mənbələrinin sayının artırılması...

Bu günlərdə "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə deyib ki, Azərbaycan qonşu ölkələrdən yaşıl enerji ilə bağlı daha çox təklif alacaq.

O qeyd edib ki, Azərbaycanda elektroenergetika sahəsində iki əsas müəssisə var:"Azərenerji" ASC generasiyanın ötürülməsi ilə, "Azərişıq" isə elektrik enerjisinin paylanması ilə məşğuldur. Düşünürəm ki, bölgə yaşıl enerji mənbələrinin sayının artırılması baxımından, həm də enerji dayanıqlı ölkələr sırasında Azərbaycan liderdir. Gələcəkdə gözlənilən enerji defisitinin qarşısının alınması üçün bölgə dövlətləri Azərbaycanla enerji münasibətlərini yaxşılaşdırmağa çalışırlar. Məlum olduğu kimi, Naxçıvan yaşıl enerji zonası elan olunub. Orada yaşıl enerji mənbələrinin sayının artırılması nəzərdə tutulub. Avropaya yaşıl enerjinin ötürülməsində qardaş Türkiyə önəmli rol oynayır. Bu baxımdan iranlı həmkarlarımızın Araz çayı üzərindəki bəndlər vasitəsilə ekoloji təmiz enerji əldə etməklə bağlı fikirləri heç də təəccüblü deyil. Düşünürəm ki, Azərbaycan qonşu ölkələrdən yaşıl enerji ilə bağlı daha çox təklif alacaq".

Bəli, Azərbaycan dünyanın “yaşıl enerji” məbnbələri ilə zəngin ölkələrindən biridir. Azad ərazilərin alternativ və bərpa olunan enerji mənbələri ilə zəngin olması ölkəmizin dünyada əhəmiyyətini daha da artırır.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Seçilən
0
37
baki-xeber.com

10Mənbələr