AZ

Xocalıya köçən ailələrə mənzillərinin açarları təqdim olunub

İşğaldan azad olunmuş torpaqlara keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Bu gün növbəti köç karvanı ilə Xocalı rayonuna çatan ailələrə mənzillərinin açarları təqdim olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu mərhələdə Xocalı şəhərinə 1 ailə (5 nəfər), rayonun Ballıca kəndinə isə 8 ailə (29 nəfər) köçürülüb. Xocalıya köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

Ailələrə evlərinin açarlarının təqdimatı mərasimində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev bildirib ki, bərpa edilən evlərdə məskunlaşan ailələrin məşğulluq məsələləri daim diqqətdə saxlanılır. Dövlət orqanları və özəl sektor tərəfindən işlə təminat həyata keçirilir. Kənd elektrik enerjisi, qaz, içməli su və yüksəksürətli internet xətti ilə təmin edilib.

Keçmiş məcburi köçkünlərə mənzillərin açarı təqdim edilib və ailələr yeni evlərində yerləşiblər.

Qeyd edək ki, bugünkü köç də daxil olmaqla, Xocalı şəhərinə 346 nəfərdən ibarət 86 ailənin, Xocalının Ballıca kəndinə isə 180 ailənin, yəni, 840 nəfərin daimi məskunlaşması təmin olunub.

 

Seçilən
0
5
xalqqazeti.az

10Mənbələr