AZ

Ermənistanda Lavrovla iranlı naziri səhv saldılar – Antirusiya aksiyası biabırçılıqla nəticələndi - VİDEO

Bu gün səhər saatlarında Ermənistanın paytaxtı İrəvanda qeyri-adi və bir qədər gülməli siyasi insident baş verib. Avropayönlü mövqeyi ilə tanınan “Respublika Uğrunda” müxalifət partiyasının fəalları Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvana səfərini etirazla qarşılayacaqlarını öncədən elan etmişdilər. Lakin planlaşdırdıqları aksiya böyük bir səhv və biabırçılıqla nəticələnib.

Bizim.Media xəbər verir ki, partiya fəalları səhər saatlarında şəhərin mərkəzində Lavrovun keçəcəyi ehtimal olunan marşrut üzərində toplaşaraq antirusiya şüarları və plakatları ilə etiraz aksiyası keçiriblər.

 

Onların əsas mesajları Ermənistanın Rusiyadan uzaqlaşaraq Qərb strukturuna inteqrasiya etməsi, Rusiyanın bölgədəki siyasətinə etiraz və İrəvanın suveren qərarlar qəbul etməsi ilə bağlı idi.


Lakin vəziyyət gözlənilməz hal alıb, Aksiyanın keçirildiyi ərazidən keçən kortej, əslində Rusiya nümayəndə heyətinə deyil, İranın müdafiə naziri Əziz Nasirzadəyə məxsus olub. Fəallar bu faktı fərq etmədən antirusiya plakatlarını qaldıraraq onun kortejinə qarşı şüarlar səsləndiriblər.

Erməni mətbuatı hadisəni təsdiqləyərək yazıb ki, Sergey Lavrov həmin an hələ İrəvana çatmamışdı. İran müdafiə nazirinin keçdiyi yol Lavrovun planlaşdırılan marşrutu ilə üst-üstə düşdüyündən, müxalifət fəalları bu səhvi ediblər.

Sosial şəbəkələrdə yayılan görüntülərdə, fəalların ciddi və qəzəbli şəkildə “Rusiyaya yox!” şüarları səsləndirdiyi, əslində isə onların qarşısından İran bayrağı ilə müşayiət olunan avtomobillərin keçdiyi aydın görünür.

Hadisə ictimaiyyətdə geniş gülüş və tənqid doğurub. Bir çox analitiklər bu insidenti müxalifətin zəifliyi və beynəlxalq protokol məsələlərinə yetərincə bələd olmaması ilə izah edirlər. Sosial şəbəkə istifadəçiləri isə bu səhvi “geosiyasi fars” adlandıraraq, hadisənin Ermənistan siyasətindəki xaotik vəziyyəti əks etdirdiyini bildiriblər.



Bizim.Media

Seçilən
0
50
bizim.media

10Mənbələr