Uzun illərdir ki, Azərbaycanda dövlət qurumlarının balansında olan avtomobillər qanunvericiliyə uyğun olaraq açıq hərrac vasitəsilə satışa çıxarılır.
Nəqliyyat vasitələrinin satışını İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) həyata keçirir.
Bununla da, ölkədə faktiki olaraq alternetiv avtomobil bazarı formalaşıb. Təkcə bu ilin 4 ayında bu bazarda 324 nəqliyyat vasitəsi satılıb. 2020-2024-cü illərdə isə 2 043 avtomobil hərrac yolu ilə özəlləşdirilib. Rəsmi məlumata əsasən, hərracların demək olar ki, hamısı rəqabətli keçir - maşınların çoxu ilkin satış qiymətindən baha satılır. Bəs dövlətin satdığı maşınları almaq nə dərəcədə sərfəlidir? Bu bazara üz tutmağa dəyərmi? "Report" bununla bağlı araşdırma aparıb.
İstismar müddəti bitmiş avtomobillər balansdan çıxarılır
ƏMDX-dan “Report”un sorğusuna cavab olaraq bildirilib ki, dövlət müəssisələrinə verilmiş daşınar əmlak – o cümlədən nəqliyyat vasitələri – yalnız nizamnamə məqsədlərinə uyğun istifadə oluna bilər. Əgər avtomobilin istismar müddəti başa çatıbsa, texniki baxımdan yararsız hala düşübsə, yaxud ona ehtiyac qalmayıbsa, həmin nəqliyyat vasitələrinin balansdan silinməsi üçün Dövlət Xidmətinə müraciət olunur.
Balansdan çıxarılması təklif edilən avtomobillər əvvəlcə baxış aktı əsasında qiymətləndirilir. Əgər texniki vəziyyətinə görə istifadəyə və yaxud satışa yararlı hesab olunursa, bu nəqliyyat vasitələri açıq hərrac vasitəsilə satışa çıxarılır. Texniki göstəricilər, işlək vəziyyəti, ehtiyat hissələrinin durumu və digər meyarlar nəzərə alınaraq, avtomobilin istifadəyə yararlılığını komissiya təsdiqləyir.
Avtomobillər satışa çıxarılmazdan əvvəl müstəqil qiymətləndiricilər onarın bazar dəyərini müəyyən edir. Bu proses “Qiymətləndirmə fəaliyyəti haqqında” qanuna uyğun olaraq baş tutur.
"Bu maşınların texniki vəziyyəti adətən qənaətbəxş olur"
"Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" (AADA) İctimai Birliyinin İdarə Heyətinin sədri Eyyub Əliyev isə deyir ki, hərraca çıxarılan dövlət avtomobillərinə müntəzəm texniki qulluq göstərilmiş olur: “Bu avtomobillər istehsalçının təlimatlarına və servis reqlamentlərinə uyğun olaraq vaxtında texniki xidmətlərdən keçib. Doğrudur, əksəriyyətində yürüş yüksək olur, lakin texniki vəziyyətləri adətən qənaətbəxş olur. Ən önəmlisi isə odur ki, bu avtomobillər bazar qiymətindən daha aşağı qiymətə satışa çıxarılır və əhalinin aşağı gəlirli təbəqəsi üçün əlverişli imkan yaradır”.
Onun sözlərinə görə, hərraclar zamanı avtomobilin texniki göstəriciləri barədə iştirakçılara ətraflı məlumat verilir: “Bu, küçədən kor-koranə maşın almaqdan fərqli olaraq şəffaf prosesdir. Üstəlik, yeni biznesə başlayan, az investisiya ilə fəaliyyətə başlamaq istəyən şəxslər üçün – məsələn, yükdaşıma və yaxud kommersiya məqsədli avtomobil axtaranlar üçün də bu hərraclar əhəmiyyətlidir".
Xarici təcrübə necədir?
Bənzər yanaşma inkişaf etmiş və region ölkələrində də tətbiq olunur. Məsələn, Türkiyədə dövlət qurumlarının istifadəsiz avtomobilləri Milli Əmlak Ümumi Müdirliyi (Milli Emlak Genel Müdürlüğü) və Ləğvetmə Xidmətləri Baş İdarəsi (Tasfiye Hizmetleri Genel Müdürlüğü) vasitəsilə satışa çıxarılır. Maşınlar onlayn platformalarda (“e-ihale”) və yaxud hərrac mərkəzlərində satılır. Avtomobillərin texniki vəziyyəti və satış qiymətləri əvvəlcədən elan olunur və vətəndaşlar platforma üzərindən iştirak edərək real vaxtda təklif verə bilirlər. Hərraclar e-devlet sistemi ilə inteqrasiya olunub, bu da prosesin şəffaf və nəzarətli aparılmasına şərait yaradır.
ABŞ-də isə "General Services Administration" (Ümumi xidmətlər administrasiyası) adlı qurum federal hökumətə məxsus istifadəsiz avtomobilləri açıq onlayn hərrac vasitəsilə satır. Avtomobillər ilkin olaraq texniki baxışdan keçirilir, qiymətləndirilir və ictimaiyyətə təqdim olunur. Onlayn sistem vasitəsilə hər kəs açıq şəkildə bu satışlarda iştirak edə bilir.
Almaniyada isə dövlət qurumlarının artıq avtomobilləri “Zoll-Auktion” adlı rəsmi platforma üzərindən satılır. Bu sistem şəffaflığı təmin edir, avtomobilin texniki göstəriciləri və şəkilləri açıq şəkildə təqdim olunur.