AZ

Azərbaycan istehsalçıları ştrixkodu necə alır, bununla nə əldə edir? - ARAŞDIRMA

Marketdə almaq istədiyin mallarla kassaya yaxınlaşırsan və dərhal onların ümumi qiyməti hesablanır, ödəniş edib çıxırsan.

İlk baxışdan hər şey çox sadə görünür.

Əslində isə bütün bu rahatlığın kökündə malların üzərinə vurulan ştrixkodlar dayanır. Məhz onlar məlumat bazasına açar rolunu oynayır və həm marketdə çalışan şəxslərin, həm də müştərilərin işini asanlaşdırır.

Bəs Azərbaycan istehsalçıları ştrixkodu necə alır, bununla nə əldə edir? "Report" bu mövzuda araşdırma aparıb.

Dünyada ştrixkodun tarixi 52 il əvvələ gedib çıxır. İlk ştrixkodun standartı 1973-cü ildə ABŞ-də hazırlanıb, 1974-cü ildə onun tətbiqinə başlanılıb, ilk dəfə Ohayo ştatındakı marketlərdən birində satılan saqqız kodlaşdırılıb. Hazırda isə ABŞ da daxil olmaqla 100-dən çox ölkədə ştrixkodlardan istifadə olunur və bu texnologiya bütün dünyada GS1 standartlarına əsaslanır.

Hər ölkədə olduğu kimi, Azərbaycanda da ştrixkodların verilməsi ilə məşğul olan milli təşkilat var. Ölkədə bu işi 26 ildir ki, "GS1 Azərbaycan" İctimai Birliyi həyata keçirir. Qurum 1999-cu il mayın 11-də Berlində (Almaniya) "EAN-International" Assosiasiyasının Baş Assambleyasında yekdilliklə bu təşkilata üzv qəbul olunub və ona 476 prefiksi ayrılıb. Bu da o deməkdir ki, 476 rəqəmi ilə başlayan ştrixkoda malik bütün məhsullar Azərbaycanda istehsal olunur. Ölkədə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər bu sistemə qoşularaq məhsullarını beynəlxalq bazarda tanıtmaq və dövriyyəyə buraxmaq imkanı əldə edirlər.

Ştrix-kod alma proseduru: Qeydiyyat və mərhələlər

"GS1 Azərbaycan"dan "Report"un sorğusuna cavab olaraq bildirilib ki, GS1 sistemində qeydiyyat üçün aktiv vergi ödəyicisi olan hüquqi şəxslər və yaxud fərdi sahibkarlar müraciət edə bilərlər: “Qeydiyyat üçün VÖEN, hüquqi şəxslər üçün dövlət reyestrindən çıxarış, şəxsiyyət vəsiqəsi və varsa, məhsula dair uyğunluq sertifikatı təqdim olunur. Sənədlər təqdim edildikdən sonra müqavilə bağlanır və ödəniş həyata keçirilir. Prosedur, adətən 3 iş günü ərzində tamamlanır. Qeydiyyat başa çatdıqdan sonra sahibkara şəxsi onlayn kabinet təqdim olunur. Bu kabinet vasitəsilə məhsullar sistemə daxil edilir və hər biri üçün unikal GTIN (Global Trade Item Number – Əmtəənin Qlobal İdentifikasiya Nömrəsi) əldə olunur. Daha sonra bu kodlar məhsul etiketlərinə yerləşdirilir və satış üçün istifadə olunur”.

GTIN-lərin və ştrixkodların vacibliyi

Hazırda Azərbaycanda aksizli məhsullar istisna olmaqla, GTIN-lərin istifadəsi məcburi deyil. Lakin rəqəmsallaşan ticarət mühiti bu kodların əhəmiyyətini artırır. Ölkədə fəaliyyət göstərən böyük satış şəbəkələri və avtomatlaşdırılmış kassalar GTIN nömrəsi olmayan məhsulları qəbul etmir. Eyni zamanda, onlayn ticarət platformalarında – “Amazon”, “Google Shopping”, “eBay”, “Walmart Marketplace” və digərlərində məhsul satışı çıxarmaq üçün GTIN istifadəsi əsas tələblərdən biridir. Beynəlxalq ticarətdə də bu identifikatorların rolu mühümdür. Məsələn, Rusiya bazarına ixrac edilən məhsullarda sahibkarın ünvanını göstərən GLN (Global Location Number) tələb olunur. Çin və Türkiyə kimi ölkələrdə isə bəzi məhsul qrupları üzrə GTIN istifadəsi məcburidir.

Statistika və dövlət qurumları ilə əməkdaşlıq

Azərbaycanda 3 000-dən çox sahibkar və onlara məxsus 200 minə yaxın məhsul barədə məlumatlar GS1 Azərbaycan Əmtəə Nömrələmə Depozitariyasında qeydiyyata alınıb. Bu məlumat bazası həm dövlət qurumları, həm də özəl sektor üçün mühüm resurs sayılır. Elektron qaimə-fakturalarda GTIN-lərin tətbiqi, narkotik vasitələrin dövriyyəsinə nəzarət, gömrük sənədlərində məhsulların kodlaşdırılması və rəqəmsal logistika layihələri çərçivəsində müvafiq qurumlarla əməkdaşlıq həyata keçirilir. Bu isə şəffaflığın artırılması və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi baxımından vacibdir.

Ştrixkodların sahibkarlara verdiyi üstünlüklər

Ştrixkodlaşdırma sistemi sahibkarlar üçün bir sıra üstünlüklər yaradır. Bu texnologiya məhsulların identifikasiyasını, satış və anbar uçotunu, məhsul qalığının müəyyən edilməsini, eləcə də geri çağırma və izləmə mexanizmlərini sadələşdirir. Bu da daxili və xarici bazarlarda məhsulun rəqabət qabiliyyətini artırır.

Məlumatlı seçim imkanı

İstehlakçılar üçün məhsul haqqında etibarlı məlumatların əldə olunmasını təmin etmək məqsədilə mobil tətbiq də istifadəyə verilib. Tətbiq vasitəsilə ştrixkod skan edilərək məhsulun adı, şəkli, miqdarı, brendi, sahibkarın adı, hüquqi ünvanı və əlaqə məlumatları əldə oluna bilər. Uyğunsuzluq aşkarlandığı halda, bu, istehlakçı hüquqlarının pozulması kimi qiymətləndirilə bilər.

Beynəlxalq ticarətdə ştrix-kod sistemlərinin tətbiqi

Dünya ölkələrində ştrix-kodlaşdırma və məhsulların identifikasiyası sahəsində beynəlxalq təcrübə uzun illərdir uğurla tətbiq olunur. ABŞ, Almaniya, Yaponiya və Böyük Britaniya kimi inkişaf etmiş ölkələrdə GS1 standartlarına uyğun ştrix-kodlaşdırma təkcə pərakəndə satış zəncirlərində deyil, həm də logistika, səhiyyə və sənaye sahələrində geniş istifadə olunur.

Məsələn, Almaniyada pərakəndə satış sektorunda məhsulun ştrix-kodsuz dövriyyəyə buraxılması demək olar ki, mümkün deyil. Bütün məhsulların etiketlərində GTIN və digər identifikasiya kodları mövcuddur. Bu sistem istehlakçıya tam şəffaflıq təqdim edir, məhsulun harada və kim tərəfindən istehsal edildiyini asanlıqla öyrənmək imkanı verir.

Yaponiyada isə GS1 standartları texnoloji innovasiyalarla birləşdirilərək, avtomatlaşdırılmış anbar sistemləri və robotlaşdırılmış kassalarda istifadə olunur. Burada məhsul üzərindəki ştrix-kod sadəcə identifikasiya məqsədi daşımır, həm də istehsal tarixi, son istifadə müddəti və logistik marşrutlar barədə məlumatları da özündə əks etdirir.

ABŞ-də isə onlayn ticarət platformaları – “Amazon”, “Walmart Marketplace”, “eBay” və digərləri GTIN kodlarını məcburi şərt kimi qəbul edir. GTIN-ə malik olmayan məhsullar sistemə daxil edilmir və satışa çıxarıla bilmir. Bu yanaşma saxta və ya qeyri-standart məhsulların bazara çıxmasının qarşısını alır və istehlakçıların hüquqlarını qoruyur.

Eyni zamanda, Çin və Türkiyə kimi ölkələrdə də GTIN və ştrix-kodların tətbiqi hüquqi çərçivəyə salınıb. Türkiyədə bəzi məhsul kateqoriyalarında (xüsusilə dərman və qida sənayesi) ştrix-kodların istifadəsi qanunla məcburidir və dövlət orqanları buna nəzarət edir. Çin isə idxal-ixrac əməliyyatlarında GLN və GTIN istifadəsini şərt qoyaraq, məhsul izlənməsini gücləndirib.

Bu təcrübələr göstərir ki, ştrix-kodlaşdırma sistemlərinin tətbiqi yalnız texniki yenilik deyil, həm də şəffaflıq, keyfiyyətə nəzarət və beynəlxalq ticarətdə rəqabət qabiliyyətinin artırılması baxımından vacib mexanizmdir. Azərbaycanın da bu istiqamətdə atdığı addımlar, uzunmüddətli perspektivdə ixrac potensialının genişləndirilməsi və daxili bazarda istehlakçı hüquqlarının qorunmasına mühüm töhfə verə bilər.

Seçilən
0
50
report.az

10Mənbələr