AZ

Çempion komandanın basketbolçusu: Ötən illərlə müqayisədə heyətimiz bu il daha güclü idi – MÜSAHİBƏ

Bakı, 15 may, AZƏRTAC

Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün qalibi olan “Sabah” klubunun oyunçusu Şirzad Şirzadov AZƏRTAC-ın suallarını cavablayıb. Həmin müsahibəni təqdim edirik.

- Liqada mövsümü başa çatdı. Ümumilikdə, mövsümü necə dəyərləndirərdiniz?

- Mövsüm gözləntidən fərqli keçdi. Ötən illərlə müqayisədə heyətimiz bu il daha güclü idi. Lakin digər komandalar da bizimlə yaxşı rəqabət apara bildilər. Heç də asan mövsüm olmadı. Çətinliklə də olsa, qalib gəldik və buna görə çox sevincliyəm.

- Sizcə, bu mövsümün sürpriz komandası hansı oldu?

- Fikrimcə, “Abşeron” oldu. Bəzi kollektivlər bu komandanı asanlıqla məğlub edəcəklərini düşünürdülər. Amma bu klub sürpriz etdi və pley-offa qaldı. “Naxçıvan” və NTD kimi komandaları üstələdilər. Adı çəkilən bütün kollektivlər yaxşı mübarizə aparmışdılar. Həmçinin, “Neftçi” də kifayət qədər yaxşı çıxış etdi. Maraqlı oyunlar keçirdik.

- Final seriyasında “Neftçi” ilə qarşılaşdınız. Seriyada 4:2 hesabı ilə qalib gələrək ardıcıl üçüncü dəfə ABL-in qızıl medallara sahib çıxdınız. Ümumiyyətlə, sizin üçün “dönüş nöqtəsi” dediyiniz an hansı idi?

- İlk iki qələbəmizi çətinliklə qazandıq. Hər iki matça yaxşı başlamadığımız üçün hesabda geridə idik. Son anda önə keçərək qalib gəlməyi bacardıq. Yaxşı oyun nümayiş etdirmirdik. Hiss edirdik ki, bu, bizim oyunumuz deyil. Sonra özümüzü toparladıq və növbəti qarşılaşmalara yaxşı hazırlaşdıq. Rəqibi analiz etdik, öz səhvlərimiz üzərində işlədik. Nəticədə çempion olduq.

- “Sabah” ölkə çempionatının qalibi olmaqla, UEFA Çempionlar Liqasında iştirak hüququ əldə etdi. Bu turnirdə hədəflər nələr olacaq?

- Hədəfimiz qrup mərhələsinə vəsiqə qazanmaqdır. Bunun üçün əlimizdən gələni edəcəyik. Təəssüf ki, ötən il buna nail ola bilmədik. Amma bu dəfə daha yaxşı mübarizə aparıb məqsədimizə çatmaq istəyirik.

- Necə düşünürsünüz, yeni mövsüm üçün komandanızda dəyişikliyə ehtiyac varmı?

- Təbii ki, nəyin necə olacağını indidən demək çətindir. Hansı oyunçuların transfer olunacağına və ya hansılarla yolların ayrılacağına rəhbərlik qərar verəcək. Amma nə olursa olsun, biz mübarizəmizi davam etdirəcəyik. Mənim isə klubla hələ bir illik müqaviləm var.

- Millimiz dünya çempionatının seçmə mərhələsində arzuolunan nəticəni əldə edə bilmədi. Bunun səbəbini nədə görürsünüz və yığmanın üzvü olaraq, komandamızdan növbəti beynəlxalq turnirlərdə gözləntiləriniz necədir?

- Bəli, nəticələr ürəkaçan olmadı. Məncə, buna bir yerdə az məşq etməyimiz səbəb oldu. Bir çox oyunçu öz klubunun bazasında olduğu üçün təlim-məşq toplanışlarına qatıla bilmədi. Bəziləri isə millinin hazırlığına gec qoşuldu. Nəticədə yaxşı oyun nümayiş etdirə bilmədik. Amma qarşıdakı görüşlərdə əlimizdən gələni edib, gücümüzü göstərmək istəyirik.

Seçilən
0
50
azertag.az

10Mənbələr