Son iki gündə dünyanın diqqəti Ankaraya fokuslanıb. Birincisi, PKK-nin özünü ləğv edib silahları təhvil verməsi, ikincisi isə mayın 15-də İstanbulda baş tutacaq Rusiya-Ukrayna danışıqlarıdır.
PKK-nin özünü tamamilə ləğv edib silahları buraxması barədə verdiyi qərar Türkiyənin sadəcə “Terrorsuz Türkiyə” hədəfinə çatmaq istiqamətində uğurlu addımı deyil, həm də beynəlxalq münasibətlər sistemində Ankaranın nüfuzu baxımdan ciddi tarixi siyasi əhəmiyyət kəsb edən məsələdir.
Ankaranın bu qələbəsi yeni dünya düzəninin formalaşmasında qlobal sabitliyin, təhlükəsizliyin Türkiyəsiz mümkünsüz olduğunu sübut edən amildir.
Rusiya prezidenti Vladimir Putinin mayın 15-də İstanbulda Rusiya-Ukrayna arasında atəşkəsin əldə edilib sülh danışıqlarına başlaması istiqamətində verdiyi təklif də dediklərimizin bariz nümunəsidir.
Hər iki hadisə Türkiyənin regional və qlobal oyunçu olduğunu ortaya qoyur.
Təbii ki, Ankaranın bu qələbəsini və uğurlarını həzm etməyən qüvvələr çox narahatdırlar.
Birincisi, bir çox güclər PKK vasitəsilə təkcə güclü Türkiyənin qurulmasına mane olmurlar, eyni zamanda bir təşkilat vasitəsilə Yaxın Şərqdəki oyunlarını qururlar. Belə bir kartın əldən çıxması, həmin güclərin bütövlükdə Yaxın Şərq bölgəsinə təsir mexanizmlərindən məhrum olması deməkdir. Ona görə də bu qüvvələr hər vasitə ilə PKK-nin tərksilah olması, “Terrorsuz Türkiyə” qurulmasında etimad mühitinin formalaşması istiqamətində əngəllər yaradıb təxribatçı hərəkətlərə əl atacaqlar. Ankara bütün bunları görür və təmkinli şəkildə prosesləri irəli apararaq təkcə Türkiyədə deyil, bütövlükdə Yaxın Şərqdə və Qafqazlarda sabitliyin, təhlükəsizliyin bərqərar olmasına öz təhfəsini verməklə, regional güc kimi bölgənin əsas oyunçusu rolunda çıxış edəcək.
İkincisi, mayın 15-də İstanbulda gerçəkləşməsi gözlənilən Rusiya-Ukrayna danışıqları Ankaranın qlobal güc rolunda çıxış etməsi baxımdan mühüm rol oynayır.
Ankara Rusiya-Ukrayna münaqişəsinin ilk günündən proseslərdə aktiv iştirak edən tərəf olub.
Məhz Ankaranın səyi ilə ilk dəfə Kiyevlə Moskva ən yüksək səviyyədə bir araya gələ biliblər. Sadəcə Qərbin təzyiqi ilə Kiyev danışıqlardan çıxıb. Dünyanın taxıl böhranından xilas olması istiqamətində Qara Dənizdə taxıl dəhlizinin yaranması ancaq Ankaranın səyi nəticəsində mümkün olub.
İndi isə həm Kiyev, həm də Zelenskini danışıqlardan kənarlaşdıran Qərb də daha əlverişsiz şərtlərlə çarəsiz şəkildə masa arxasında əyləşmək məcburiyyətində qalıb. Moskva da bunu yaxşı bildiyindən Qərbi psixoloji cəhətdən əzməklə və psixoloji basqı altında saxlamaqdadır. Bu səbəbdən də Kreml hələ də İstanbulda keçiriləcək toplantıda hansı səviyyədə və kimlərlə təmsil edəcəyini açıqlamır.
Putinin danışıqlardan imtinası isə müharibənin davam etməsi anlamına gələcək. Kremlin müharibəni uzun müddət davam etdirmək qabliyyəti də tükənməkdədir. Çünki Ukrayna cəbhəsində müttəfiqləri olan əsasən Çin və İranın uzun müddət Rusiyaya yardım etməsi mümkün olmayacaq. Burada xüsusi bir məqam da ondan ibarətdir ki, Rusiyanın uzunməsafəli cəbhəyə nəzarət etməsi elə də asan məsələ olmayacaq. Bu təkcə hərbi resurs, texnika baxımdan deyil, həm də maliyyə baxımdan böyük vəsaitlər tələb edir.
Kremlin eyforiyaya uyması onlara baha başa gələ bilər və proseslər əks istiqamətdə inkişaf edər.
Digər tərəfdən İstanbulda danışıqların davam etdirilməsi təklifi ilə çıxış edən Kreml özüdür. Özü öz təklifinə qarşı çıxması Kremlin özünü çıxılmaz vəziyyətə sala bilər.
Kreml danışıqlar prosesində, həm də Ukrayna müharibəsində onunla eyni cəbhədən çıxış edən Çin, İran və Şimali Koreyanın da mövqeyini öyrəməyə çalışır. Amma istənilən halda, Kreml İstanbul görüşündən faydalanmağa çalışacaq.
Qərb, xüsusən də Ağ Ev İstanbul toplantısında Putinin özünü görmək istəyir. Bunun üçün ABŞ prezidenti xüsusi elçisi Stiv Uitkof və Ukrayna prezidenti Volodimir Zelenski vasitəsilə Kremlə təzyiq edərək Putinin özünün iştirakına nail olmağa çalışır.
Çünki Ağ Evin elçisi Uitkof bəyan edib ki, Putinsiz və onun imzası olmadan hər hansı sülh sazişi mümkün deyil. Digər tərəfdən isə Zelenski bəyan edir ki, İstanbulda yalnız Putinlə bir araya gələ bilər.
Görüşün ev sahibi Türkiyə olduğundan Ankara sıx diplomatik qrafikdə fəaliyyət göstərməkdədir.
Putinin danışıqlarda iştirakı təbii olaraq Ankaranın da maraqlarına uyğundur. Belə ki, toplantıda Putinin iştirakı ehtimal olunur. Putin iştirak edərsə, o zaman ABŞ prezidenti Donald Trampın da İstanbula səfəri reallaşacaq. Tramp da bunun anonsunu verib. Bu isə Rusiya-Ukrayna müharibəsində ciddi dönüş mərhələsi deməkdir. Təbii ki, İstanbul razılaşması ilə Rusiya-Ukrayna müharibəsinin tez bir zamanda bitib sülh sazişinin imzalanmasını gözləmək də sadəlövhlük olar. Amma ən azından yeni mərhələ aktiv hərbi əməliyyatlar mərhələsinin yekunlaşmasına və problemin danışıqlar yolu ilə həllinə zəmin yarada bilər. Dünyanı ikiyə bölən bu müharibənin həlli istiqamətində ciddi dönüşün yaranması isə Ankaranın dünyada nüfuzunun artması ilə yanaşı, qlobal oyunçu rolunda çıxış etmək baxımından mövqeyinin möhkəmlənməsinə ciddi təsir göstərəcək.
Onu da qeyd edək ki, Ankaranın Hindistanla Pakistan arasındakı son qarşıdurmada oynadığı rol Türkiyənin qlobal aktor rolunda çıxış etməsində ciddi addım hesab olunur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta