AZ

Pediatr: Vitamin və mineralların qida zəncirində əvəzolunmaz yeri var

Bakı, 12 may, AZƏRTAC

“İnsan orqanizmi hər gün dəri, əzələ və sümük toxuması sintez edir. Zəngin qırmızı qan yaradaraq, orqan və toxumalar oksigen və qidalı mühitlə təmin olunur. Sinir impulslar vasitəsilə beyinə informasiya göndərərək, orqanların normal funksiyasını həyata keçirir. Orqanizm qida ilə aldığı bütün maddələri tikinti materialı və enerji mənbəyi kimi istifadə edir. Bu proses həyat sürdükcə davam edir”.

AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin pediatrı Aynur Adıgözəlova bildirib.

Pediatrın sözlərinə görə, mübadilə prosesi anabolik və katabolik olmaqla iki istiqamətdə gedir. “Anabolik tip mübadilədə daha sadə komponentlər birləşərək, mürəkkəb molekullar yaradır və həmin birləşmələr hüceyrənin tikintisində istifadə olunur. Məsələn, aminturşular birləşərək, zülal yaradır. Katabolik tip mübadilə isə, əksinə, daha mürəkkəb birləşmələrini parçalayaraq, enerji mənbəyi kimi orqanizmi təmin edir.Bu iki reaksiya müştərək işləyir, yəni orqanizm eyni anda həm parçalayır, həm də yenidən yaradır. Bu yenidənqurma işlərində istifadə olunan məhsulların bəziləri orqanizm özündən sərf etsə də, bir qrupunu mütləq şəkildə ətraf mühitdən almalıdır. Uşaqlarda anabolik tip mübadiləsi isə üstünlük təşkil edir. Uşaq orqanizmi dayanmadan yeni birləşmələr yaradır. Boy artımı, beyin inkişafı, hormonal təkamül prosesləri və digər amillər hələ tam formalaşmamış gənc orqanizm üçün dayanmadan tikinti materialı, köməkçi vasitələr, o cümlədən də vitaminləri tələb edir. Bu səbəbdən də, biz uşaqlarda vitamin və mineral balansını qorumağa çalışırıq”, - deyə A.Adıgözəlova vurğulayıb.

Mütəxəssis uşaq orqanizmi üçün faydalı olan vitaminlər barədə də məlumat verib: “Vitaminlər yaşam üçün lazım olan kimyəvi birləşmələrdir. Vitamin və minerallar qida zəncirində əvəzolunmaz yerə sahibdir. Suda və yağda həll olan olmaqla iki qrup vitaminlər var. Suda həll olunanlara C, PP, H və B qrupu vitaminləri, yağda həll olunanlara isə A, K, D və E vitaminləri aiddir. Hər vitamin qrupunun öz əvəzolunmaz rolu var. C vitamini bir çox həyati vacib mübadilə proseslərində iştirak edir və güclü antioksidantdır. Bu vitamin birləşdirici toxuma, kollagen sintezini və qan damar divarının möhkəmliyini təmin edir. Ətraf mühitin əlverişsiz şəraitinə qarşı immun sistemin müqavimətini artırır. B qrupu vitaminləri sinir sisteminin möhkəmlənməsi, mielinizasiyası və maddələr mübadiləsində iştirak edir. Ayrıca B12 vitamini sümük iliyi səviyyəsində qırmızı qan hüceylərinin yaranmasında iştirak edən vacib faktordur. D vitamini sümüklərin formalaşmasında və Ca mübadiləsi üçün vacibdir. K vitamini qaraciyərdə sintez olunan laxtalanma amillərinin sintezində iştirak edən əsas vasitəçidir. A vitamini gözün və dərinin formalaşmasında iştirak edir, həmçinin antioksidantdır. Eyni zamanda, bəzi vitaminlər hormonal balansı da tənzimləyir. Bütövlükdə, vitaminlərin orqanizm üçün rolu əvəzsizdir. Minerallarla birlikdə vitaminlər bir çox proseslərin gedişatına təsir göstərir”.

Pedatr uşaqlarda vitamin çatışmazlığının xarici və daxili amillərdən asılı olduğunu deyib: “Xarici amil qida vasitəsilə vitamin təminatının pozulmasıdır. Südəmər dövrdə əlavə qidaların gec başlanması, daha çox karbohidrat və şəkərlə zəngin qidaların qəbulu, ət məhsullarının kasadlığı, qidanın həddən artıq qaynadılması səbəbindən tərkibinin pozulması və digər amillər vitamin çatmamazlığına yol aça bilər. Daxili amillərə isə bu və ya digər səbəbdən vitaminlərin orqanizm tərəfindən düzgün mənimsənilməməsidir. Bu, ya mədə-bağırsaq traktının hər hansı xəstəlikləri və ya hüceyrə səviyyəsində mineral mübadilənin pozulmasıdır. Mədə dibində B12 vitaminin sovrulmasını təmin edən xüsusi maddə sintez olunur. Əgər mədə xorası və ya qastrit varsa, həmin zülalın sintezi azalır. Bu da, B12 vitaminin çatışmazlığına gətirib çıxarır. Bununla belə, B12 vitamininin depolaşmaq xüsusiyyəti var və bu depo ən azı 5 il orqanizmi təmin edəcək. Digər tərəfdən mədə turşuluğunun azalması da bir çox vitaminin sovrulmasını ləngidir. Öd yollarının xəstəliklərində ödün qatılaşması və kifayət qədər sintez olunmaması, qaraciyərin finksiyasının, yağda həll olan vitaminlərin sovrulmasının pozulmasına səbəb olur”.

Aynur Adıgözəlova qeyd edib ki, bəzən yüngül gedişatlı vitamin çatıșmazlığı dəqiq diaqnoz qoymağa müəyyən çətinlik yaradır. “Bu zaman aparıcı sindromu nəzərə alıb, anamnez və laborator müayinələrdən sonra nəticə əldə etmək lazımdır. Məsələn, B12 vitamini qanyaranmada iştirak edir. Əgər uşaq qanazlığı ilə bağlı müraciət edibsə, onun dəmir çatışmazlığını da nəzərə almaq lazımdır. Bu halda, ilk addım qanda B12 ilə yanaşı, dəmirin səviyyəsini də yoxlamaq və ondan sonra anamnezdə mədə ilə bağlı şikayətlərin varlığını araşdırmaq olacaq. Adətən, yüngül gedişatlı hipovitaminozlar özünü anemiya, yorğunluq və halsızlıq, görmənin zəifləməsi, yaddaş zəifliyi, dermatit, mədə-bağırsaq funksiyasının pozulması kimi əlamətlərlə büruzə verir. Ağır formalı hipovitaminozlara diaqnoz qoymaq çətinlik törətmir, çünki hər birinin spesifik kliniki gedişatı var”, - deyə pediatr əlavə edib.

Mütəxəssis sağlam qidalanmağın vitamin qəbulundakı rolundan da danışıb: “Yay aylarında, bütün meyvə və tərəvəzlərin yetişdiyi bir dövrdə süni yolla vitamin qəbul olunması məqsədəuyğun deyil. Meyvə və tərəvəzlərin düzgün istifadəsi bağırsaqların da funksiyasını təmin edəcək. Lakin qida qəbulu zamanı onun necə, harada, hansı temperaturda, neçə müddət saxlanılmasının böyük əhəmiyyəti var. Həmçinin təzə sıxılmış şirələrin saxlanılması qaydasına önəm vermək çox vacibdir. Meyvə şirəsi çıxarıldıqdan dərhal sonra içilməlidir, çünki vitaminlər həssas kimyəvi birləşmələrdir və tez parçalanmaq xüsusiyyətinə malikdir. Meyvə və tərəvəzlər nə qədər çox qaynadılarsa, tərkibi o qədər çox məhv olar. Bununla belə, bir neçə tərəvəz var ki, az odda qısa müddət ərzində qaynadıldıqda qida maddələri ilə zənginləşir. Məsələn, yerkökü az odda qısa müddətə qaynadılırsa, tərkibində beta-karotin kimi mühüm mikroelementlər əmələ gəlir. Pomidor, çuğundur, kələm, brokkoli də bu qrupa aiddir. Kiçik işləmədən sonra onların tərkibi daha xeyirli olur. Ümumiyyətlə, valideynlərə uşaqlar üçün bütün yeməkləri az odda bişirmək tövsiyə olunur. Yerkökü, cəfəri, ispanaq, balqabaq, kələm, brokkoli və ərik beta-karotin, süd, balıq yağı və qaraciyər D vitamini, qarğıdalı, günəbaxan və çaytikanı yağları isə E vitamini ilə ilə zəngindir. Bundan əlavə, yaşıl yarpaqlı tərəvəzlər, ispanaq və kələm K vitamini, paxlalılar, göbələk, fındıq, yumurta, qaraciyər, balıq əti, balıq kürüsü B qrupuna aid olan vitaminlərlə zəngindir”.

Seçilən
0
6
azertag.az

8Mənbələr