BAKI, 12 may. TELEQRAF
"2 qrup vitaminlər var: suda və yağda həll olan vitaminlər. Suda həll olunanlara C, PP, H və B qrupu vitaminləri, yağda həll olunanlara isə A, K, D və E vitaminləri aiddir. Hər vitamin qrupunun öz əvəzolunmaz rolu var".
Teleqraf xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin pediatrı Aynur Adıgözəlova deyib.
O bildirib ki, C vitamini bir çox həyati vacib mübadilə proseslərində iştirak edir və güclü antioksidantdır. "Bu vitamin birləşdirici toxuma, kollagen sintezini və qan damar divarının möhkəmliyini təmin edir. Ətraf mühitin əlverişsiz şəraitinə qarşı immun sistemin müqavimətini artırır. B qrupu vitaminləri sinir sisteminin möhkəmlənməsi, mielinizasiyası və maddələr mübadiləsində iştirak edir. Ayrıca B12 vitamini sümük iliyi səviyyəsində qırmızı qan hüceylərinin yaranmasında iştirak edən vacib faktordur. D vitamini sümüklərin formalaşmasında və Ca mübadiləsi üçün vacibdir. K vitamini qaraciyərdə sintez olunan laxtalanma amillərinin sintezində iştirak edən əsas vasitəçidir. A vitamini gözün və dərinin formalaşmasında iştirak edir, həmçinin antioksidantdır".
Pediatr əlavə edib ki, bəzi vitaminlər hormonal balansı da tənzimləyir. Bütövlükdə, vitaminlərin orqanizm üçün rolu əvəzsizdir. Minerallarla birlikdə onlar bir çox proseslərin gedişatına təsir göstərir.
O bildirib ki, uşaqlarda vitamin çatışmazlığı xarici və daxili amillərdən asılıdır. Xarici amil, qida vasitəsilə vitamin təminatının pozulmasıdır.
Onun sözlərinə görə, südəmər dövrdə əlavə qidaların gec başlanması, daha çox karbohidrat və şəkərlə zəngin qidaların qəbulu, ət məhsullarının kasadlığı, qidanın həddən artıq qaynadılması səbəbindən tərkibinin pozulması və s. amillər vitamin çatmamazlığına yol aça bilər:
“Daxili amillərə isə bu və ya digər səbəbdən vitaminlərin orqanizm tərəfindən düzgün mənimsənilməməsidir. Bu, ya mədə-bağırsaq traktının hər hansı xəstəlikləri və ya hüceyrə səviyyəsində mineral mübadilənin pozulmasıdır. Mədə dibində B12 vitaminin sovrulmasını təmin edən xüsusi maddə sintez olunur. Əgər mədə xorası və ya qastrit varsa, həmin zülalın sintezi azalır. Bu da, B12 vitaminin çatışmazlığına gətirib çıxarır. Bununla belə, B12 vitamininin depolaşmaq xüsusiyyəti var və bu depo ən azı 5 il orqanizmi təmin edəcək. Digər tərəfdən, mədə turşuluğunun azalması da bir çox vitaminin sovrulmasını ləngidir. Öd yollarının xəstəliklərində ödün qatılaşması və kifayət qədər ödün sintez olunmaması, qaraciyərin finksiyasının, bu da yağda həll olan vitaminlərin sovrulmasının pozulmasına səbəb olur.
Lyamblya törədicilərinin xüsusiyyəti bağırsaq xovlarını zədələməkdir. Bütün qidalı elementlərin bağırsaq xovlarından sovrulduğunu nəzərə alsaq, bu halda zədə almış bağırsaq heç bir işə yaramır. Yəni, uşaq nə qədər zəngin qida alırsa alsın, vitamin və mineralların sovrulması pozulur.
Digər tərəfdən, qurd invaziyaları da canlı orqanizm olduğuna görə lazımı qidalı mühiti özünün çoxalması üçün sərf edir”.
Pediatr bəzən yüngül gedişatlı vitamin çatıșmazlığının dəqiq diaqnoz qoymağa müəyyən çətinlik yaratdığını deyib:
“Bu zaman aparıcı sindromu nəzərə alıb, anamnez və laborator müayinələrdən sonra nəticə əldə etmək lazımdır. Məsələn, B12 vitamini qanyaranmada iştirak edir. Əgər bizə qanazlığı ilə uşaq müraciət edibsə, biz həmçinin dəmir çatışmazlığı da nəzərə almalıyıq. Bu halda, bizim ilk addımımız qanda B12 ilə yanaşı, dəmirin səviyyəsini də yoxlamaq və ondan sonra anamnezdə mədə ilə bağlı şikayətlərin varlığını araşdırmaq olacaq.
Adətən yüngül gedişatlı hipovitaminozlar özünü anemiya, yorğunluq və halsızlıq, görmənin zəifləməsi, yaddaş zəifliyi, dermatit, mədə-bağırsaq funksiyasının pozulması kimi əlamətlərlə büruzə verir. Ağır formalı hipovitaminozlara diaqnoz qoymaq çətinlik törətmir, çünki hər birinin spesifik kliniki gedişatı var”.