9 May – Faşizm üzərində Qələbənin 80 illiyi münasibətilə Moskvada Qırmızı meydanda keçirilən hərbi paradda müxtəlif ölkələrin ordu nümayəndələrinin keçidi maraqla qarşılanıb.
Kremlin tribunasından paradı izləyənlər arasında Ermənistanın Baş naziri Nikol Paşinyan və İkinci Dünya müharibəsində iştirak etmiş erməni veteranların da olmasına baxmayaraq, bu ölkədən tədbirə hərbi kontingentin göndərilməməsi diqqət çəkib.
Ermənistan KİV yazır ki, tədbirdə Azərbaycan hərbçilərinin iştirak etməsi, lakin ermənilərin olmaması ölkə ictimaiyyətində qəzəb və məyusluğa səbəb olub.
İrəvanın hərbçilərlə bağlı bu qərarı nədən qaynaqlanır?
NOCOMMENT.az xəbər verir ki, globalinfo.az-a danışan hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov 9 May Qələbə Gününün tarixi əhəmiyyətini vurğulayıb:
“İlk növbədə, bu gün münasibəti ilə xalqımızı təbrik edirəm. Azərbaycanda elə bir ailə yoxdur ki, onun bir fərdi İkinci Dünya müharibəsinə qatılmasın. O dövrdə əhali sayımız 3 milyondan bir qədər çox idi və hər 5 nəfərdən biri bu müharibədə iştirak edib.
Bu gün Moskvada Qırmızı Meydanda qələbənin 80 illiyi münasibətilə keçirilən tədbirdə Azərbaycan hərbçiləri də iştirak edir. Həmin hərbi tağımın önündə qardaşımın övladı – kapitan Əmirbəy Elman oğlu Ramaldanov da yer alıb. O, 44 günlük müharibədəki xidmətlərinə görə “Azərbaycan Bayrağı” Ordeni və beş medalla təltif olunub.
Azərbaycan tağımına baxarkən üzlərindəki qüruru və qalib əda hiss olunur. Bizim hərbiçilər bu paradda, sözün əsl mənasında qələbə qazanmış ordu kimi keçir. Necə ki, onların babaları İkinci Dünya müharibəsində faşizm üzərində qələbə qazandılar, onlar da 44 günlük Qarabağ müharibəsində erməni faşizmi üzərində zəfər əldə etdilər. Onlar Ermənistanın Baş naziri Nikol Paşinyanın qarşısından qalib bir ölkənin hərbçiləri kimi keçdilər. Bu, çox mühüm məqamdır.
O ki qaldı Ermənistan hərbçilərinin paradda iştirak etməməsinə, mən bunu əvvəldən bilirdim. Qardaşım oğlu bu barədə mənə demişdi. Böyük ehtimal, Ermənistanın qərbli havadarları buna icazə verməyib. Xüsusilə, İrəvanın “böyük bacısı” Fransa və onun prezidenti Emmanuel Makron qadağan edib. Lakin buna baxmayaraq, Paşinyan parada qatılıb. Guya bu şəkildə bir balans qurmaq istəyirlər”.\\KONKRET.az