BAKI, 8 may. TELEQRAF
Milli Məclisdə Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanla bağlı qərarını pisləyən layihə hazırlamaq təklif olunur.
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Kamal Cəfərov parlamentin bugünkü “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda keçirilən xüsusi iclasında deyib.
"Cənab Prezident İlham Əliyev 2022-ci il 24 dekabr tarixdə Qərbi azərbaycanlılarla görüşü zamanı Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən tarixi şəhərimiz olan İrəvanın Ermənistana bağışlanmasını xəyanət və cinayət adlandırdı. Bu obyektiv tarixi həqiqətdir. Məhz bu fikirləri əsas tutaraq, tarixi ədalətsizliyin hüquqi yolla aradan qaldırılması üçün "Konstitusiya və Suverenlik İli" çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanla bağlı qərarını pisləyən Milli Məclisdə qərar layihəsinin hazırlanmasını təklif edirəm", - deyə deputat bildiirib.
O, həmçinin Zəngəzurla bağlı layihənin hazırlanmasını təklif edib:
"1920-ci ildə də Sovet hökumətinin qərarı ilə Zəngəzurun Azərbaycandan ayrılaraq, Ermənistana verilməsi faktını da pisləyən ayrıca bir qərarın qəbul edilməsini təklif edirəm. Bütün bunlar bir daha sübut edir ki, dövlətçilik təsadüf deyil, strateji düşüncə, milli iradə və davamlı mübarizə tələb edən bir yoldur".