AZ

"Meta" "Pegasus"a görə 167 milyon dollar cərimə qazandı

ABŞ-da məhkəmə İsrailin "NSO Group" şirkətinin "Meta Platforms" ("WhatsApp" messencerinin sahibi) şirkətinə 167 milyon dollar məbləğində cərimə ödəməsinə qərar verib. Bu qərar, casus proqram təminatı "Pegasus"un "WhatsApp" vasitəsilə yayılmasına dair illərdir davam edən məhkəmə çəkişməsində "Meta" üçün əhəmiyyətli qələbə hesab olunur. 

Valyuta.az xəbər verir ki, məlumatı "TechCrunch" yayıb.

"Meta" 2019-cu ildə "NSO Group"a qarşı iddia qaldırmışdı. Şirkət bildirib ki, "Pegasus" adlı zərərli proqram təminatı "WhatsApp"ın zəng funksiyası üzərindən yayılıb. İddialara görə, proqram zəng cavablandırılmasa belə, cihazlara yoluxa bilirdi. Hücum nəticəsində 20 ölkədə 1400-dən çox istifadəçi - o cümlədən jurnalistlər və hüquq müdafiəçiləri - izlənilib.

ABŞ məhkəməsi ötən il "NSO Group"un ABŞ qanunlarını pozduğunu təsdiqləmişdi. Bu ilin qərarı isə təzminat və cərimə məbləğinin müəyyən edilməsinə yönəlib. Məhkəmə "NSO Group"un 444 min 719 dollar ziyanı ödəməsinə, əlavə olaraq isə 167 milyon 254 min dollar cərimə ödəməsinə hökm verib.

"WhatsApp”ın ictimaiyyətlə əlaqələr üzrə vitse-prezidenti Karl Vuq bu qərarın zərərli proqram təminatı sənayesi üçün önəmli bir çəkindirici addım olduğunu bildirib. Onun sözlərinə görə, qərar həm ABŞ şirkətlərini, həm də istifadəçilərin məxfiliyini və təhlükəsizliyini qorumağa yönəlib.

"NSO Group" özünü "kiber-kəşfiyyat" üzrə ixtisaslaşmış texnologiya şirkəti kimi təqdim edir. Məhkəmə zamanı şirkət "Pegasus" proqramının ABŞ nömrələrinə malik cihazlarda işləmədiyini iddia edib. Hüquqşünaslar həmçinin bu proqramın "WhatsApp"a zərər vermədiyini sübut etməyə çalışıblar. Lakin bu arqumentlər münsiflər heyətini inandıra bilməyib.

"NSO Group"un nümayəndəsi qərardan sonra bildirib ki, bu yalnız uzun məhkəmə prosesinin bir mərhələsidir və onlar qərardan apellyasiya şikayəti verə bilər. Şirkət "Pegasus"un yalnız dövlət orqanlarının səlahiyyətləri çərçivəsində istifadə edildiyini və onun terrorizmin və cinayətlərin qarşısını almaqda mühüm rol oynadığını vurğulayıb. "NSO Group" bu texnologiyanın bir çox insanın, o cümlədən amerikalıların həyatını xilas etdiyini bildirib və bu baxışın məhkəmə zamanı nəzərə alınmadığını qeyd edib.

"Meta" isə təzminatın tam şəkildə ödənilməsinin zaman alacağını qəbul edir. Karl Vuq bildirib ki, şirkət həm də "NSO Group"un gələcəkdə "WhatsApp" üzərindən zərərli proqram yaymasının qarşısını almaq üçün hüquqi yollarla mübarizəsini davam etdirəcək.

Paşa Məmmədli

Seçilən
0
50
valyuta.az

10Mənbələr