AZ

UNEC-də XVI Karyera Yarmarkası keçirilib

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində UNEC-in 95 illik yubileyinə həsr olunan XVI Karyera Yarmarkası keçirilib.

Universitetdən TƏHSİL.BİZ -ə verilən məlumata görə, tələbə və məzunlar üçün təşkil edilən karyera yarmarkasının açılışında UNEC-in rektoru professor Ədalət Muradov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Abşeron Logistika Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayev, işəgötürənlər və digər qonaqlar iştirak ediblər.

Açılış mərasimində çıxış edən UNEC-in rektoru professor Ədalət Muradov karyera yarmarkasında 105 şirkət tərəfindən 1050-dən çox vakansiyanın təqdim edildiyini bildirib. O, tələbə və məzunların məşğulluq göstəricisinin vacibliyinə diqqət çəkərək, onların layiqli iş tapmasının universitet qarşısında duran əsas vəzifələrdən biri olduğunu qeyd edib: “Formalaşdırdığımız insan kapitalına əmək bazarı tərəfindən verilən dəyərin göstəricisi kimi məzunlarımıza təklif olunan əməkhaqqının məbləği fikrimizcə, daha önəmlidir", – deyə rektor bildirib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Abşeron Logistika Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayev çıxışlarında gənclərin məşğulluğunun təmin edilməsi istiqamətində görülən işlərdən və əmək bazarına uyğun bilik və bacarıqların əldə edilməsinin əhəmiyyətindən danışıblar. Bu cür tədbirlərin tələbə və məzunların əmək bazarına çıxışını dəstəkləmək, onların ixtisas və maraqlarına uyğun iş yerlərinə dair məlumatlandırılması və işəgötürənlərlə ilkin əlaqələr qurmaq baxımından önəmli rol oynadığını bildiriblər.

Sonra rəsmi qonaqlar təqdim edilən vakansiyalar və onların tələbləri ilə yaxından tanış olublar. İşəgötürənlər təmsil etdikləri müəssisələrin fəaliyyət sahələri, vakansiyalar üçün müəyyənləşdirilən tələblər və işə qəbul prosesi barədə ətraflı məlumat veriblər.

Karyera yarmarkasında iştirak edən UNEC-in tələbə və məzunları vakansiyalar barədə ətraflı məlumat alaraq, uyğun vakansiyalara CV-lərini təqdim ediblər, işəgötürənlər tərəfindən isə namizədlərin qeydiyyatı həyata keçirilib.

 

 

 

 

 

Seçilən
0
9
tehsil.biz

10Mənbələr