
Gürcüstanın Baş naziri İrakli Kobaxidze hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının yeni rəhbəri seçilib.
Yeniavaz.com xəbər verir ki, siyasi birliyin yerli telekanallar tərəfindən yayımlanan qurultayında partiya üzvləri onun namizədliyinə səs veriblər.
“Qurultayın qərarı ilə İrakli Kobaxidze yekdilliklə “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının sədri seçilib”, - deyə partiyanın icraçı katibi Mamuka Mdinaradze səsvermədən sonra bildirib.
Qeyd edək ki, “Gürcü Arzusu”nun keçmiş sədri, keçmiş baş nazir İrakli Qaribaşvili aprelin 25-də siyasətdən getdiyini bəyan edib. O, müxalifətə keçmək ehtimalını istisna edib.
Xatırladaq ki, Kobaxidze əvvəllər partiyaya 2021-ci ilin yanvarından 2024-cü ilin fevralına qədər rəhbərlik edib. Bundan sonra partiyanın sədri postunu keçmiş baş nazir İrakli Qaribaşvili tutub və Kobaxidze hökumətin başçısı olub.