Rusiya Prezidenti Vladimir Putin bu gün Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovla görüş keçirəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov mətbuata açıqlamasında bildirib.
“Prezident bu gün Çeçenistan rəhbəri Ramzan Kadırovla işgüzar görüş keçirəcək. Dövlət başçısı regionlarla işini davam etdirir” – deyə Peskov qeyd edib.
Görüş təkcə daxili məsələlərlə məhdudlaşmayacaq. Ramzan Kadırov eyni zamanda Vladimir Putinin keçirəcəyi bir sıra beynəlxalq tədbirlərdə də iştirak edəcək. Bu, onun siyasi mövqeyinin və etimadının hələ də yüksək olduğunun göstəricisi kimi şərh olunur.
Son günlərdə Ramzan Kadırovun səhhəti və guya istefaya hazırlaşması ilə bağlı yayılan şayiələr ictimaiyyətdə rezonans doğurmuşdu. Bu söz-söhbətlərə cavab olaraq Çeçen lider öz “Telegram” kanalında sərt açıqlama ilə çıxış edib:
“Belə qərarları mən özbaşına verə bilmərəm. Bu, mənim iradəmdən asılı deyil. Necə ki dəfələrlə demişəm, nə qədər istəsəm də, yalvarsam da – bu qərarı yalnız bir adam verə bilər: bizim Ali Baş Komandanımız, Rusiya Prezidenti Vladimir Vladimiroviç Putin! Mən əmr gözləyən komandirəm. Əmr verilərsə – icra edirəm” – deyə Kadırov bildirib.
Kadırovun bu ifadələri onun Putinlə olan şəxsi və siyasi bağlılığının, həmçinin dövlət piramidasında “sadiq əsgər” imicini bir daha təsdiqləyir. Hazırkı şəraitdə bu görüşün əhəmiyyəti təkcə regional deyil, həm də federal səviyyədə siyasi mesaj daşıyır.
Bizim.Media