
Türkiyədə Silivri həbsxanasında saxlanılan Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi və İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu universitet diplomunun ləğvinə qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com Türkiyə KİV-ə istinadla xəbər verir ki, bu barədə Əkrəm İmamoğlunun vəkili Mehmet Pehlivan sosial media hesabında açıqlama verib.
“Müvəkkilim Əkrəm İmamoğlunun 31 il əvvəl qanuni yolla aldığı universitet diplomu 18 mart 2025-ci ildə açıq şəkildə qanunun aliliyi prinsiplərinə zidd və inzibati səlahiyyətlərdən sui-istifadə edilərək ləğv edilib. Bütün universal hüquqi prinsiplərə, Konstitusiyaya və inzibati hüquqa zidd olan bu əməliyyatın ləğvi üçün bu gün, 6 may 2025-ci il tarixində İstanbul İnzibati Məhkəməsində iddia qaldırdıq”, - vəkil deyib.
Əkrəm İmamoğlu isə açılan iddia ilə bağlı sosial media hesabında 6 may 2019-cu il İstanbul seçkilərini qanunsuz ləğv edənlərin 35 illik diplomumu ləğv edərək, eyni qanunsuzluğu davam etdirməyə çalışdıqlarını bildirib.