“Barselona”nın alman baş məşqçisi Hansi Flik “blauqrana”nın 17 yaşlı ispaniyalı ulduz hücumçusu Lamin Yamal haqda söhbət açıb.
Arena.az AS dərgisinə istinadən məluat verir ki, alman mütəxəssis yeniyetmə Yamalın dünya futbolunun ulduz hücumçuları – argentinalı futbolçu Lionel Messinin və portuqal futbolçu Kristiano Ronaldonun səviyyəsi ilə müqayisə edilməsinə münasibətini açıqlayıb:
“Əgər sən bu səviyyədə çıxış edə bilirsənsə, onda müvafiq səviyyəni qoruyub-saxlamalısan. Məsələnin məğzi özünü ayrıca bir oyunda göstərməkdə deyil. Lamin bunu bilir.
O, həmçinin bilir ki, ona, nəinki isteadına bel bağlamaq, həm də işləmək gərəkdir. Əgər Ronaldo və ya Messi səviyyəsinə çatmaq istəyirsənsə, sakitliyini qoruyub-saxlamalısan.
Biz onun cəmi 17 yaşı olduğuna şadıq, amma bilirik ki, Yamala müvafiq səviyyəsində sabitləşmək və hətta daha da tərəqqi etmək üçün çox işləmək gərəkdir”, deyə Hansi Flik vurğulayıb.
Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir.
Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 50 oyuna çıxıb, 15 qol və 24 məhsuldar ötürmə ilə fərqlənib.
Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 101 oyun, 22 qol və 33 məhsuldar ötürmədən ibarətdir.
Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 19 oyun keçirib, 4 qol vurub, 9 məhsuldar ötürmə verib.
Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023), İspaniya Kral Kuboku (2024/2025) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.
“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.
Əlavə edək ki, Yamal mərakeşəsillidir. Yeniyetmə ulduz tarixi vətəni üçün çıxış etməkdən imtina edərək, İspaniya bayrağı altında oynamağı seçib.