AZ

Lamin Yamal “Barsa”da 100-ə çatdı, rekordlara imza atdı

Futbol üzrə İspaniya milli komandasının da üzvü olan yeniyetmə hücumçu Lamin Yamal “Barselona”da yeni rekorda imza atıb.

Arena.az xəbər verir ki, gənc vinger buna evdə İtaliyanin “İnter” komandası ilə heç-heçə etdikləri (3:3) UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk matçında meydana çıxmaqla nail olub.

Kataloniya təmsilçisində 100-cü qarşılaşmasına çıxan 17 yaşlı oyunçu bu rəqəmə ən tez çatan futbolçudur.

Xatırladaq ki, əvvəlki rekord Qaviyə məxsus idi. O, “Barselona”da 100-cü oyununa 19 yaş, 30 günlüyündə çıxıb.

Lamin Yamal “İnter”lə oyunda daha bir rekorda imza atıb. O, UEFA Çempionlar Liqasının yarımfinalında qol vuran ən gənc oyunçu olub.

Belə ki, “İnter”lə ilk matçın 24-cü dəqiqəsində fərqlənən Lamin 17 yaş 291 günlüyündə qol sevinci yaşayıb. O, bu qol sayəsində Kilian Mbappenin göstəricisini üstələyib. Fransalı forvard 2016/2017-ci illər mövsümündə 18 yaş 140 günlüyündə “Monako”nun heyətində “Yuventus”a qol vurmuşdu

Qeyd edək ki, “Barselona” – “İnter” görüşü 3:3 hesabı ilə başa çatıb. Bu komandalar arasındakı cavab qarşılaşması mayın 6-da Milanda keçiriləcək.

Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir.

Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 49 oyuna çıxıb, 15 qol və 24 məhsuldar ötürmə ilə fərqlənib.

Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 100 oyun, 22 qol və 33 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 19 oyun keçirib, 4 qol vurub, 9 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023), İspaniya Kral Kuboku (2024/2025) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
0
10
arena.az

10Mənbələr