AZ

Azərbaycandan mümkün qədər çox şirkəti birjamıza qoşulmağa dəvət edirəm - Aleksandr Osmolovski

Biz Belarus şirkətləri üçün tərəfdaşlar axtarırıq və əgər bu gün Azərbaycandayıqsa, deməli, Azərbaycan şirkətləri üçün də Belarus şirkətləri arasında tərəfdaşlar axtarırıq.

Bu sözləri Trend-ə açıqlamasında Belarus Universal Əmtəə Birjasının İdarə Heyətinin sədri Aleksandr Osmolovski deyib.

O, əvvəlcə təmsil etdiyi qurum barədə məlumat verib:

"Biz birja platformasıyıq. Bu, müxtəlif malların ticarətini təşkil edən elektron bir platformadır. Biz bizneslərin bir-birini tapmasına, satış və alış əməliyyatlarının həyata keçirilməsinə, müqavilələrin bağlanmasına kömək edirik. Bizim birjanın məqsədi malların irəliləməsinə, satışına kömək etməkdir".

 

"Biz Belarus şirkətləri üçün tərəfdaşlar axtarırıq və əgər bu gün Azərbaycandayıqsa, deməli, Azərbaycan şirkətləri üçün də Belarus şirkətləri arasında tərəfdaşlar axtarırıq. Ona görə də bu gün buraya gəlmişəm. Əlbəttə, mənim marağım budur ki, Azərbaycandan mümkün qədər çox şirkət bizim birjamıza qoşulsun. O cümlədən, Qarabağdan da. Mənim üçün onların haradan olduğu önəmli deyil. Şirkətlərin sayı nə qədər çox olsa, ölkələrimiz arasında ticarət dövriyyəsi bir o qədər çox olacaq", - o vurğulayıb.

Aleksandr Osmolovski Qarabağdan olan nümayəndələri də Belarusda rəsmi alqı-satqılarda iştiraka dəvət edib:

"Belarus Respublikasından mallar gələcək, Azərbaycandan isə Belarus Respublikasına mallar göndəriləcək, elə deyilmi? Ona görə də bu gün buraya gəlmişəm, birjamız barədə danışırıq, daha çox şirkətin xəbərdar olmasına çalışıram. Bilmirəm, bu gün burada Qarabağdan nümayəndələr iştirak edirdimi?! Əgər iştirak edirdilərsə, çox sevinərdim. Bəlkə də, bu gün sizin vasitənizlə, sizin mətbuat vasitəsilə həmin şirkətlərə dəvət göndərmək fürsətindən istifadə edirəm: gəlsinlər Belarus Respublikasına, birjamızdan istifadə etsinlər, Belarusla biznes qursunlar".

"Bu gün biz Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə saziş imzaladıq. Bu agentlik biznesin inkişafına, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılmasına dəstək verir. Ona görə də düşünürəm ki, birgə əməkdaşlığımız ticarət dövriyyəsinin artmasına, şirkətlərin bir-birini tanımasına və ölkələrimizdə partnyorlar tapmasına kömək edəcək. Birgə layihələr hazırlayacaq, onları həyata keçirəcəyik. Düşünürəm ki, biz buna nail olacağıq", - deyə o qeyd edib.

Seçilən
0
1
day.az

2Mənbələr