AZ

“Aşot, gör necə yanır...” — Məhkəmədə video göstərildi

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Laçın rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunması ilə bağlı videomaterial nümayiş etdirilib.

1992-ci il mayın 18-də ermənilər tərəfindən lentə alınmış görüntülərdə Laçın rayonunda yanan evlər, erməni hərbçilər əksini tapır. Videoda bir erməni hərbçi digərinə “Aşot, gör necə yanır”, - deyərək yanan evlərdən birini göstərir.

Bundan sonra məhkəmədə zərərçəkmiş şəxslər dindirilib.

Zərərçəkmiş Camal Məmmədov Laçın rayonunun Cicimli kənd sakini olduğunu, 1992-ci ilin may ayında kəndin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildiyini bildirib. O, erməni hərbçilərin 1989-cu il avqustun 12-də atası Mehti Məmmədovu öldürdüyünü diqqətə çatdırıb: “Rus əsgərlərin dediyinə görə, atamı Kamo adlı erməni vurub. O zaman 18 yaşım vardı”.

Zərərçəkmiş digər şəxs Ağəli İbrahimov 1961-ci ildə Laçın rayonunun Cağazur kəndində doğulduğunu və həmin kənddə yaşadığını deyib. O da yaşadığı kəndin 1992-ci il mayın 18-də Ermənistan SQ tərəfindən silahlı hücum nəticəsində işğal olunduğunu söyləyib.

A. İbrahimov kəndin Ermənistanla sərhəddə yerləşdiyini, işğala qədər mütəmadi olaraq Ermənistanın Gorus rayonu, o cümlədən həmin rayonun Dığ kəndi istiqamətindən atəşə tutulduğunu əlavə edib: “1992-ci il mayın 8-dək ermənilərin hücumunda pərakəndəlik hiss olunurdu. Amma mayın 8-dən hücumlar vahid komandanlıq tərəfindən həyata keçirilirdi. Xüsusilə “Qrad”, “Alazan” raketlərindən, uzaqvuran toplardan istifadə edirdilər”.

Ağəli İbrahimov bildirib ki, Cağazur kəndində 6 otaqdan ibarət ikimərtəbəli evi, evinin həyətyanı sahəsində olan yardımçı tikililəri, meyvə ağacları, iribuynuzlu və xırdabuynuzlu heyvanları, ev quşları, evində olan əşya və əmlakları qalıb. Yəni ona böyük zərər dəyib.

Seçilən
0
32
demokrat.az

10Mənbələr