Məlum olduğu kimi, İsrail Baş naziri Benyamin Netanyahunun Azərbaycana rəsmi səfəri gözlənilir. Səfər mayın 7-də başlayacaq, ayın 11-dək davam edəcək. 2023-cü ilin oktyabrında Qəzzada müharibə başlayandan bəri Netanyahu yalnız ABŞ və Macarıstanda olub. İsrailli analitiklərin fikrincə, müharibə dövründə bir liderin ölkədən kənara çıxması yalnız vacib hallarda baş verir, bu baxımdan Azərbaycanın ziyarəti zəruri hesab olunur.
Məlumata görə, mayın birinci ongünlüyündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Bakıya səfər edəcək. Ehtimal var ki, Netanyahu Ərdoğanla Bakıda görüşəcək. “The Times of Israel” nəşrinin məlumatına görə, Baş nazirin Bakıya səfəri zamanı iki əsas məsələ diqqət mərkəzində olacaq. Önəmli məqamlardan biri Azərbaycanın Türkiyə və İsrail arasında vasitəçiliyidir.
Maraqlıdır, Netanyahunun Ərdoğanla Bakıda görüşməsi nə dərəcədə realdır?
Arzuxan Əlizadə: “Siyasətdə hər şey mümkündür və Ərdoğanla Netanyahunun görüşü ola bilər”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP sədri, millət vəkili Arzuxan Əlizadə hesab edir ki, az da olsa Ərdoğanın Bakıda Netanyahu ilə görüşməsi ehtimalı var: “Əvvəla, İsrail Azərbaycana dost ölkədir. Ermənistanla 44 günlük müharibə və ondan sonrakı dönəmdə kimin dost, kimin düşmən olduğunu gördük. Bu kontekstdə İsrail-Azərbaycan münasibətləri hər zaman özünü müsbət mənada büruzə verib. Bundan sonra ikili əməkdaşlığın artan xətlə gedəcəyi gözləniləndir. Bir müddət əvvəl Bakıda İsrail və Türkiyə rəsmilərinin masa arxasına əyləşməsinin şahidi olduq. Bu görüş məhz Azərbaycanın vasitəçiliyi ilə baş tutmuşdu və ilk təmas deyildi. Bizə qardaş və dost olan iki ölkənin münasibətlərinin soyuq olması təbii ki, Bakını narahat edən məsələdir. İllər öncə Prezident İlham Əliyev İsrail və Türkiyə arasında münasibətlərin normallaşması istiqamətində uğurlu nəticələnən bir missiya yerinə yetirmişdi. Hazırda Türkiyə ilə İsrail arasında növbəti gərginlik var. Yaxın Şərqdəki qarşıdurma Ankara ilə Təl-Əviv arasındakı münasibətlərə öz təsirini göstərib. O səbəbdən Azərbaycan lideri növbəti dəfə bu missiyanı öz üzərinə götürüb. Bu baxımdan hesab edirəm ki, siyasətdə hər şey mümkündür və Bakıda Ərdoğanla Netanyahu görüşə bilər. Az da olsa belə bir ehtimal var”.
Ramil Məmmədli: “İndiki dövrdə bunun baş verməsi real deyil”
Hərbi ekspert Ramil Məmmədli isə məsələyə fərqli prizmadan yanaşdı: “İndiki dövrdə bunun baş verməsi real deyil. Bir sıra faktorlara görə Ərdoğan buna getməz. Fikrimcə, Ərdoğan Netanyahu ilə görüşsə, bu, onun reytinqinə ciddi mənfi təsir göstərə bilər. Nəzərə almaq lazımdır ki, onun elektoratı əsasən dindar təbəqədir. Onlar da belə məsələlərə çox həssas yanaşırlar. O üzdən, bunu mümkün hesab etmirəm. Düzdür, Ərdoğan da maraqlıdır ki, Türkiyə-İsrail münasibətləri normallaşsın. Ancaq Qəzzada çoxsaylı insan tələfatının, dağıntıların olduğunu və əməliyyatların hələ də davam etməsi gərginliyin hələ qalacağından xəbər verir. Üstəlik, ərəb dövlətləri amili də var. Ümumilikdə, Türkiyə-İsrail nümayəndələri arasında Bakıda danışıqların davam etməsi mümkündür. Ancaq liderlər səviyyəsində görüşü real hesab etmirəm”.
Vidadi ORDAHALLI