BMT-nin baş katibi Antonio Quterreş Hindistan və Pakistan arasında gərginliyin azaldılmasına kömək təklif edib.Vətəninfo.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə , bu barədə onun sözçüsü Stefan Düjarrik məlumat verib.
Quterreş Pakistanın baş naziri Şahbaz Şərif və Hindistanın xarici işlər naziri Subrahmanyam Caishankar ilə telefon danışığı aparıb.
“Baş katib həmçinin Hindistan və Pakistan arasında artan gərginlikdən dərin narahatlığını ifadə edib və faciəvi nəticələrə səbəb ola biləcək qarşıdurmadan qaçmağın vacibliyini vurğulayıb”, – Dujarrik jurnalistlərlə keçirdiyi brifinqdə deyib.
Quterreş Cammu və Kəşmir bölgəsində törədilən terror aktını pisləyib.
Aprelin 22-də Hindistanın Cammu və Kəşmir əyalətinin Pahalqam yaxınlığında törədilmiş terror aktından sonra Hindistan və Pakistan arasında gərginlik artıb.Bir neçə silahlı şəxs məşhur turizm məkanı olan Baisaran vadisində at sürən turistlərə atəş açıb. Hücuma görə məsuliyyəti Müqavimət Cəbhəsi (Ləşkər-e-Taibə) adlı qrup öz üzərinə götürüb. Hücum nəticəsində 25 hindistanlı və bir Nepal vətəndaşı həlak olub.