
Bakı, 29 fevral, AZƏRTAC
Kaxaber Tsxadadze Azərbaycan çempionatları tarixinə yüksək dəstədə üç fərqli klubda çalışan ilk legioner baş məşqçi kimi düşüb.
AZƏRTAC Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, 2008-ci ildə “Standard”ı, 2009-2015-ci illərdə “İnter”i (indiki “Şamaxı”) çalışdırmış gürcüstanlı mütəxəssis “Qəbələ”də debüt edib.
Onun debütü “Qarabağ”la XXIII turdan təxirə salınmış matça təsadüf edib. K.Tsxadadzenin yetirmələri 0:4 hesabı ilə uduzublar.
O, 3204 gündən sonra Premyer Liqaya qayıtmaqla bu rekorda imza atıb. K.Tsxadadzenin “İnter”dəki sonuncu matçı 2015-ci il mayın 22-də “Qarabağ”a qarşı olub – 2:1.
Qeyd edək ki, 4 legioner baş məşqçi Premyer Liqada iki fərqli kluba rəhbərlik edib. Bunlar Cüneyt Biçər (“Bakı”, “Xəzər Lənkəran”), Rasim Kara (“Xəzər Lənkəran”, “Bakı”), Qyoko Hacıyevski (“Bakı”, “Simurq”) və Kemal Alispahiçdir (“Muğan”, “Rəvan”).