RU

“Tottenhem” Avropa Liqasının qalibi oldu!

Bu gün futbol üzrə UEFA Avropa Liqasında (Avroliqa) 2024/2025-ci illər mövsümünün qalibi müəyyənləşib.

Arena.az xəbər verir ki, həlledici görüşdə İngiltərənin iki klubu – “Tottenhem” və “Mançester Yunayted” üz-üzə gəlib.

Qarşılaşma İspaniyanın Bilbao şəhərindəki “San Mames” stadionunda baş tutub. Həlledici görüşü almaniyalı referi Feliks Zoyer idarə edib.

Finalda qarşılaşan komandalardan “Tottenhem” tarixi ərzində 2 (1971/1972, 1983/1984), “Mançester Yunayted” isə 1 dəfə (2016/2017) bu turnirin qalibi adını qazanmışdı. Avropa Liqasında indiyədək ən çox çempionluq yaşamış komanda isə İspaniya təmsilçisi “Sevilya”dır – 7 dəfə.

Avrokuboklarda sonuncu dəfə “Tottenhem” 1984-cü ildə UEFA kubokunu, “Mançester Yunayted” isə 2017-ci ildə Avropa Liqasını qazanmışdı.

Rəqiblərin şəxsi görüşlərinə gəlincə, 2023-cü ildən bəri keçirilən 6 qarşılaşmadan dördündə “Tottenhem” qalib gəlmişdisə, ikisində heç-heçə qeydə alınmışdı.

Elə bu oyunda da sevinən tərəf London klubu olub. İlk yarının sonlarında vurduğu yeganə qol “Tottenhem”i Avropa Liqasının qalibi edib.

Maraqlıdır ki, Avroliqadakı uğurlu çıxışa rəğmən, bu komandaların milli çempionatın cari mövsümündəki nəticələri biabırçıdır. Premyer Liqada finişə bir tur qalmış “Tottenhem” 17-ci pillədə, “Mançester Yunayted” isə 16-cı mövqedə yer alıb.

Xatırladaq ki, UEFA Avropa Liqasının ötənilki qalibi İtaliyanın “Atalanta” klubu olmuşdu.

Avropa Liqası
Final

21 may

“Tottenhem” – “Mançester Yunayted” 1:0
Qol: Brennan Conson, 42.
Bilbao, “San Mames” stadionu.

Избранный
0
20
arena.az

10Источники