Futbol üzrə İspaniya yığmasının keçmiş hücumçusu David Vilya “Barselona”nın 17 yaşlı ispaniyalı ulduzu Lamin Yamalı dəyərləndirib.
Arena.az xəbər verir ki, o, yeniyetmə sağ cinah hücumçusunun “Qızıl top”u qazana bilib-bilməyəcəyi ilə bağlı sualı cavablayıb.
David Vilyanın müvafiq cavabını təqdim edirik:
“Qızıl top”? Görək, mən düşünürəm ki, o, layiq olduğunu təsdiqləyib. Mövsüm hələ başa çatmayıb, həm də, bilirsiniz, mən bu mükafata xüsusi olaraq heç vaxt inanmamışam. Amma o, bu mükafatı bir dəfə dəqiq qazanacaq”, deyə David Vilya vurğulayıb.
“Çelsi”nin 23 yaşlı ingilis hücumameyilli yarımmüdafiəçisi Koul Palmer də dünyanın hal-hazırda ən yaxşı oyunçusu ilə bağlı sualı cavablayıb. O da “Barselona”nın gənc ulduzunu tərifləyib:
“Lamin Yamal – dünyada ən yaxşı oyunçudur. O, özünə əmindir, onun qorxu-hürküsü yoxdur… Mənə, onu müşahidə etmək xoşdur”, deyə Palmer vurğulayıb.
Lamin Yamal “Barselona”nın məzunudur. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir. Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 53 oyuna çıxıb, 17 qol və 25 məhsuldar ötürmə ilə fərqlənib.
Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 104 oyun, 24 qol və 34 məhsuldar ötürmədən ibarətdir.
Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 19 oyun keçirib, 4 qol vurub, 9 məhsuldar ötürmə verib.
Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023, 2024/2025), İspaniya Kral Kuboku (2024/2025) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.
“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.