“İnter Mayami”nin argentinalı veteran ulduzu Lionel Messi “Barselona”nın isapniyalı yeniyetmə ulduzu Lamin Yamalın tərəqqisini şərh edib.
Arena.az “All About Argentina” dərgisinə istinadən, Messinin müvafiq açıqlamasını təqdim edir:
“Yamalın nəyə nail olduğu və nail olmağa davam etməsi təəssürat oyadır. O, artıq İspaniya yığması ilə Avropa çempionu olub. Onun cəmi 17 yaşı var, o, hələ böyüyür və bir oyunçu kimi kamilləşməyə davam edir, öz oyun dəsgahını, elə, mənim etdiyimi kimi, genişləndirir. O, inanılmaz keyfiyyətlərə malikdir. Artıq indi o, dünyada ən yaxşı oyunçulardan biridir”, deyə Lionel Messi vurğulayb.
Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir.
Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 46 oyuna çıxıb, 14 qol və 22 məhsuldar ötürmə ilə fərqlənib.
Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 97 oyun, 21 qol və 31 məhsuldar ötürmədən ibarətdir.
Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 19 oyun keçirib, 4 qol vurub, 9 məhsuldar ötürmə verib.
Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.
“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.