Cümə günü Rusiya və Ukrayna nümayəndələri arasında müharibə başlayandan bəri ilk dəfə birbaşa danışıqlar İstanbulda baş tutub və iki saatdan az davam edib. Bu qısa müddətin özü çox şey deyir: tərəflər diametral şəkildə əks mövqelərdə qalırlar və hər hansı irəliləyişdən söhbət gedə bilməz. “The Washington Post”un qeyd etdiyi kimi, Türkiyə Xarici İşlər Nazirliyinin açıqlaması təfərrüatlara varmadan görüşün yekunu ilə bağlı rəsmi məlumatla məhdudlaşıb. Bununla belə, danışıqlardan xəbərdar olan mənbənin sözlərinə görə, Rusiya tərəfi növbəti dəfə Ukrayna üçün qəbuledilməz olan şərtləri, xüsusən də Moskvanın Ukraynadan yalnız qismən nəzarət etdiyi regionlardan geri çəkilmək tələbini səsləndirib. Bu, məsələn, Rusiyanın qeyri-qanuni ilhaq etdiyi, lakin heç vaxt tam nəzarəti altında saxlamadığı Zaporojye və Xerson bölgələrinə aiddir. Kiyev üçün yeni ərazilərin verilməsi isə mütləq “qırmızı xətt”dır. Mənbənin sözlərinə görə, oxşar tələblər artıq Tramp administrasiyasının nümayəndələri, xüsusən də onun xüsusi nümayəndəsi Stiv Vitkoff və dövlət katibi Marko Rubionun ofisinin əməkdaşları ilə təkbətək söhbətlərdə də səsləndirilib.
Kreml danışıqları imitasiya edir
Közərən ümidlərin bağlandığı danışıqlar, Vladimir Putinin şəxsən bu danışıqlarda iştirak etmək niyyətində olmadığı məlum olduqdan sonra öz çəkisini daha da itirdi. Məlum olduğu kimi,Rusiyanı əsasən nazir müavinləri və ekspertlərdən ibarət ikinci dərəcəli nümayəndə heyəti təmsil edirdi. Bu isə dərhal Kremlin niyyətlərinin ciddiliyi ilə bağlı şübhələrə yol açdı. Ukrayna üzrə xüsusi nümayəndə Keyt Kelloq və senator Marko Rubio da daxil olmaqla Amerika tərəfi, Ukraynanın müdafiə naziri Rüstəm Ömərov və prezident aparatının rəhbəri Andrey Yermakın başçılıq etdiyi nümayəndə heyəti İstanbula gəlib. Lakin danışıqların mərkəzi - ukraynalılar və ruslar arasında görüş Dolmabaxça sarayında soyuq, demək olar ki, rəsmi atmosferdə keçib. Ukrayna nümayəndə heyətinin yarısı hərbi formada, ruslar isə rəsmi geyimdə üzbəüz oturublar. Onların arasında türk vasitəçiləri var. İclası Türkiyənin xarici işlər naziri Hakan Fidan diplomatik göstərişlərlə açır: "Bizim qarşımızda iki yol var: biri sülhə, digəri daha çox məhvə və ölümə aparır. Hansı birini seçməyə tərəflərin özləri qərar verməlidir." Lakin hətta Hakan Fidanözü belə mahiyyətcə etiraf etdi ki, görüşün nəticəsi olmayacaq. Antalyada keçirilən NATO konfransından İstanbula uçan senator Rubionun özüdə görüşün perspektivinə şübhə ilə yanaşdığını bildirib. Onun sözlərinə görə, xüsusilə Rusiyanın göndərdiyi danışıqlarçıların rütbəsini nəzərə alsaq, “sıçrayışa ümid etmək çətindir”.
Zelenski: “Rusiya boş başlar göndərir”
Donald Trampa gəlincə, onun mövqeyi həmişə olduğu kimi ikili olduğunu bir daha nümayiş etdirdi. O, danışıqları dəstəklədiyini iddia edirdi, hər halda, bir gün əvvəl prezident təyyarəsinin göyərtəsində verdiyi müsahibədə belə demişdi: “Baxın, Putinlə mən şəxsən görüşənə qədər heç nə olmayacaq”. Cümə günü isə o, İstanbula getməyəcəyinivə Yaxın Şərq turnesini bitirdiyini təsdiqləyib. Əbu-Dabidə Tramp Putinin danışıqlara qatılmamasından təəssüfləndiyini bildirib və əlavə edib ki, “onunla mümkün qədər tez görüşmək istərdim”. Lakin onun cəmi bir həftə əvvəl elan etdiyi atəşkəs yenə unuduldu və bu çağırış barədə bir kəlmə də olmadı. Putinin gəlməyəcəyi bəlli olduqdan dərhal sonra Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiyaya qarşı yeni sanksiyalarda israrını bildirərəkAvropa liderləri ilə görüşmək üçün Albaniyaya getməsi diqqət çəkir. O, Rusiya nümayəndə heyətini sərt tənqid etdi: "Onların heç biri Rusiyada qərar qəbul etmək iqtidarında deyil. Amma buna baxmayaraq, mən nümayəndə heyətimizi İstanbula göndərdim. Bizim əsas məqsədimiz dürüst, tam və qeyd-şərtsiz atəşkəsdir. Əgər bununla belə yenə razılığa gəlmək mümkün deyilsə, o zaman Putinin diplomatiyaya zərbə vurmaqda davam etdiyi tamamilə aşkardır". Zelenski qeyd edib ki, Rusiya nümayəndə heyətinin tərkibi demək olar ki, 2022-ci ildə uğursuz danışıqlar aparan heyətlə üst-üstə düşür.Zelenski hesab edir ki, "Rusiya yanaşmasını dəyişməyib. Onlar İstanbul görüşünü 2022-ci ildə olduğu kimi,yenə boş imitasiyaya çevirirlər. Danışıqları pozan biz və ya Qərb deyil, danışığı pozan boş başlar göndərən Rusiyadır". Bu arada, Avropa İttifaqı və Böyük Britaniya, xüsusən də neft məhsullarına qoyulan embarqodan yan keçmək üçün istifadə edilən Rusiya tankerlərinin “kölgə donanması”na yönəlmiş yeni sanksiyalara dair razılığa gəliblər.
Beləliklənə Putinin özü, nə də Kreml iştirakdan imtina etdiyini rəsmən açıqlamasa da, sona qədər nümayəndə heyətinin tərkibini açıqlamayıblar. Yalnız çərşənbə günü məlum oldu ki, Rusiya qrupuna son dərəcə mühafizəkar baxışları və 2022-ci ildə Ukrayna ilə uğursuz danışıqlara rəhbərlik etməsi ilə tanınan keçmiş mədəniyyət naziri Vladimir Medinski rəhbərlik edəcək.O Medinski ki,dəfələrlə Ukrayna xalqının legitimliyini inkar edən mətnlər dərc edib və Ukraynadakı müharibəni “Rusiyanın keçmiş səhvi” kimi qələmə verib. “The Washington Post” yazır ki, rusiyalı şərhçilər Zelenskinin Putinlə şəxsən görüşmək təklifinə aqressiv reaksiya verib və onu “məsuliyyətsiz manipulyator” adlandırıblar. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə daha irəli gedərək Ukrayna liderini “kloun” adlandırıb.
Surxay Əliyev