Bakı, 16 may, AZƏRTAC
Milli Hidrometerologiya Xidməti çaylarda müşahidə olunan faktiki vəziyyət barədə məlumat açıqlayıb.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, avtomat hidroloji stansiyaların mayın 16-sı saat 9:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.
Böyük Qafqaz ərazisindən axan Qarasuçayda 35 sm, Katexçayda 19 sm, Kiçik Qafqaz ərazisindən axan Zəyəmçayda 7 sm, Əsrikçayda 3 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Bərgüşadçayda 9 sm, Tərtərçayda 2 sm, Lənkəran-Astara bölgəsindən axan Lənkərançayda 6 sm artım qeydə alınıb.
Transsərhəd çay olan Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 26 sm artıb, su sərfi saniyədə 763 kubmetr olmaqla, normanın 102 faizini, Qanıx-Cəlayir məntəqəsində isə suyun səviyyəsi 46 sm artıb, su sərfi saniyədə 339 kubmetr olmaqla, normanın 167 faizini təşkil edir.
Yaxın günlərdə gözlənilən yağıntılarla əlaqədar çaylarda yüksək sululuğun davam edəcəyi, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.