Ermənistan parlamentində yer alan müxalifətin fikrincə, sülh müqaviləsinin imzalanması ilə bağlı aparılan müzakirələr Bakının ilkin şərtləri ətrafında cəmlənir. Müxalifətin “Şərəfim var” fraksiyasının rəhbəri Hayk Mamicanyanın sözlərinə görə, erməni danışıqçılar xalqa növbəti güzəştləri təqdim etmək üçün hansısa paket düşünəcək, sonra isə bu barədə açıq danışmağa başlayacaqlar.
Hayk Mamicanyan hakimiyyətə belə bir sual da ünvanlayıb ki, əgər sülh müqaviləsinin mətni razılaşdırılıbsa, o zaman danışıqlar nədən gedir?
Burada qeyd edək ki, sülh müqaviləsinin mətni iki aydır razılaşdırılıb, İrəvan onu mümkün qədər tez imzalamağa hazırdır. Amma bu halda sülh prosesi yarımçıq qalacaq və bunu da Azərbaycan istəmir. Bakı müqavilənin imzalanması üçün ilkin şərtlərdə israrlıdır: ATƏT-in Minsk Qrupunun buraxılması və konstitusiyanın dəyişdirilməsi. Ötən həftə xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Azərbaycan tərəfi ilə müzakirələrdə hələ ki, irəliləyiş yoxdur, lakin o, əlavə edib: “Hər hansı danışıqlarda olduğu kimi, səbrlə gözləyək, bəlkə də tezliklə yaxşı xəbər olacaq”.Hayk Mamicanyan bildirib ki, Ermənistan hakimiyyəti əvvəl-axır Azərbaycanın dediyi ilə razılaşacaq: “Hər dəfə Ermənistan rəhbərləri deyirlər ki, bizi şad xəbər gözləyir. Amma reallıq bunun əksinə olur. Hakimiyyət üçün şad xəbər ölkə vətəndaşları üçün yaxşı xəbər ola bilməz”. Halbuki, Azərbaycanın Ermənistandan tələbləri tamamilə beynəlxalq hüquqa əsaslanır. Düzdür, Ermənistan tərəfi sülh müqaviləsinin imzalanması ilə paralel olaraq Minsk qrupunu buraxmağa hazırdır. Amma nəyə görə İrəvanın bu iki prosesi eyni zamanda etməsi özü ciddi suallar doğurur. Minsk qrupuna onsuz da ehtiyac yoxdur və onun buraxılması üçün indi müraciətin olunması Ermənistanın sülh məsələsində səmimi olduğunu ortaya qoyardı. Hələlik İrəvan bunu etmir. Konstitusiya məsələsində də irəliləyiş yoxdur. Lakin bəllidiir ki, Ermənstanda yeni konstitusiya layihəsi hazırlanır. Ədliyyə Nazirliyi bunu Bakının tələbi ilə deyil, daxili qərarla etdiklərini bəyan etsə də, müxalifət fərqli mövqedədir. Bu fonda baş nazir Nikol Paşinyan artıq bəyan edib ki, onun fikrincə, həmin yeni variantda Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır. Xatırladaq ki, Bakı Müstəqillik Bəyannaməsinə istinadın özünü problemli hesab edir, çünki burada Azərbaycana qarşı ərazi iddiası yr alıb. Hayk Mamicanyan qeyd edib ki, Bakı burada istəyinə nail olacaq: “Çünki əvvəllər də erməni danışıqçılar bir şeyi bəyan ediblər, sonra Azərbaycanın təzyiqi ilə güzəştə gediblər”. Hökumətyönlü deputat Hasmik Akopyan isə müxalifətin mövqeyi ilə razılaşmır. O, İrəvanla Bakı arasında hazırkı danışıqların nədən ibarət olduğunu açıqlamayıb, ancaq təkid edib ki, Azərbaycan ilkin şərtləri ilə bağlı İrəvanın mövqeyi məlumdur: “Çalışırıq ki, yaxşı xəbərlər olsun və xəbər olan kimi mütləq çatdırılır. İki ilkin şərtlə bağlı çox yüksək səslə danışdıq, dedik ki, bir “ilkin şərt”i problem olaraq görmürük, digər “ilkin şərt”i isə problem olaraq görürük”.
Xatırladaq ki, qeyd olunan məsələlər barədə xarici işlər naziri Ceyhun Bayramov da maraqlı açılamalar verib. O qeyd edib ki, Ermənistanla sülh prosesində bir neçə istiqamət üzrə təmaslar davam edir. Nazir Ermənistan Azərbaycan normallaşma prosesində hələ ki ciddi addımların olmadığını vurğulayıb: “Hazırda Ermənistan tərəfindən Azərbaycanın gözləntiləri var. Bu, ərazi iddialarından imtina və ATƏT-in Minsk qrupunun ləğv edilməsidir. Bu prosesləri izləyirik. Təmaslar var, amma ciddi addımlar hələ ki, yoxdur”. Nazirin sözlərinə görə, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası məsələsi ilə bağlı artıq bir neçə təmas olub və gələcəkdə də bu yöndə proses davam etdiriləcək: “Digər istiqamət Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat-kommunikasiya xətlərinin açılmasıdır. Burada da Azərbaycanın mövqeyi bəllidir. Biz Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyirik”. Hasmik Akopyan bu fonda bildirir ki, ilkin şərtlərin təqdim edilməsi və onların sənədə daxil edilməməsi problemdir. Müxalifətçi deputat Artur Xaçatryan sual edir ki, “Vətəndaş müqaviləsi” partiyası Bakının ilkin şərtlərdən danışmasına çaşmasının özü təəccüblüdür: “Bu partiya özü müxtəlif mərhələlərdə həmin ilkin şərtləri təmin edib. Həmin ilkin şərtlərin təmin edilməsinin yeni gündəliyi yeni konstitusiyanın qəbuludur. Amma Bakıda yazılmış, Paşinyanın kabinetində tərcümə edilmiş konstitusiya məhvimizə aparan ən qısa yoldur”. Amma Hasmik Akopyan müxalifətin yanaşmasını qəbul etmir, bunu sülhə qarşı fəaliyyət kimi qiymətləndirir. Ermənistan parlamentinin spikeri Alen Simonyan da bildirib ki, müzakirələr aktiv şəkildə davam edir. Simonyan tərəflərin müstəqil şəkildə 17 bəndi razılaşdırmağa nail olduqlarını xatırladıb və prosesin tamamlanacağına ümid etdiyini bildirib. Həmçinin qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sərhədin demarkasiya və delimitasiya prosesləri davam edir, hazırda tərəflər arasında fikir ayrılıqları yoxdur: "Proses davam edir, indi onun hansı sahələrdə davam edəcəyi müzakirə olunur. Lakin birmənalı olaraq o, Gürcüstanla sərhəddən İrana qədər tamamlanacaq. Bu, Almatı Bəyannaməsi əsasında baş verəcək”.
Tahir TAĞIYEV