RU

Terrorun günahsız qurbanlarından üzr istəmək PKK-nın əsas gündəm məsələsi olaraq qalır...


Arzuxan Əlizadə: “Eyforiyaya qapılmadan bundan sonra praktiki addımları izləmək lazımdır”

Terror təşkilatı olan PKK onilliklərdir Türkiyə ilə münaqişəni sonlandırmaq üçün artıq mübarizəni dayandırdığını və tərksilah olduğunu elan edib.

“PKK-nın 12-ci Konqresi PKK-nın təşkilati strukturunun ləğvi və silahlı mübarizə üsuluna son qoyulması barədə qərar qəbul edib”, - terror qruplaşması ötən həftə konqresini keçirdikdən sonra verdiyi bəyanatda bildirib. Artıq 40 ildir davam edən silahlı qarşıdurmaya son qoymağı hədəfləyən tarixi qərar PKK-ya yaxın media orqanı olan “Fırat” xəbər agentliyi tərəfindən açıqlanıb.

O da məlumdur ki, PKK terror təşkilatı terror aktlarına başladığı 1984-cü ilin avqustundan üzübəri on minlərlə insanın ölümünə səbəb olub. Elə kürd uşaqları oğurlayaraq dağlarda terror fəaliyyətinə cəlb edib və onların həyatını məhv edib. Bu bir. İkincisi, PKK çoxsaylı mülki şəxsləri, məhmətçikləri öldürüb. İndiyə qədər PKK terrorunun qurbanı olan bu dinc insanlardan bu terror təşkilatı adına üzr istənməsi baş vermədi. Digər tərəfdən, bəs bu cinayət işlərinə, əməllərinə görə hüquqi məsuliyyət məsələsi necə olacaq? Günahsız insanların öldürülməsinə görə PKK adına üzr istəməyi kim və necə edəcək? Bunsuz Türkiyə cəmiyyəti sakitləşə bilərmi?

“Proseslərin gedişindən asılı olaraq sadalanan suallara cavab tapılacaq”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP sədri, millət vəkili Arzuxan Əlizadə ümumən terror təşkilatının özünü buraxmasına müsbət yanaşsa da, burada müəyyən sualların açıq qaldığını istisna etmədi: “Əvvəla, uzun illərdir terror fəaliyyəti ilə məşğul olan PKK-nın özünü ləğv etməsi müsbət hadisədir. Məsələ ondadır ki, qardaş Türkiyə uzun illər terrordan əziyyət çəkib. Xarici güclər Türkiyənin başını PKK-ya qataraq bu ölkənin güclü regional, dünya dövləti olmasına mane olublar. Türkiyə buna görə böyük bədəllər ödəyib. Terrorla mübarizəyə dövlət büdcəsindən ötən illər ərzində yüz milyardlarla vəsait ödənilib. Halbuki, PKK bəlası olmasaydı əsgərlər, dinc insanlar ölməzdilər. Terrorla mübarizəyə ayrılan vəsaitlər ölkənin sosial-iqtisadi inkişafına yönəldiləcəkdi. Türkiyənin cənub-şərq vilayətlərinə daha çox sərmayə yatırılacaqdı. İş adamları terror təşkilatına görə o bölgələrə investisiya qoymaqdan çəkinməzdilər. Bir belə məhmətçik, dinc sakin şəhid edilməzdi. Əlbəttə ki, bütün bunlarla bağlı bəzi açıq suallar var. Təbii ki, eyforiyaya qapılmaq, bu qərarın müsbət təsirlərini şişirtmək doğru olmaz. Eyni zamanda sayıqlığı da bir an olsun əldən buraxmaq olmaz. PKK-nın ipi əsasən ölkə xaricindədir. Bir sıra dövlətlər PKK-dan bir təsir vasitəsi kimi Türkiyəyə qarşı istifadə ediblər. Ondan maşa kimi istifadə ediblər. Ona görə də eyforiyaya qapılmadan bundan sonra praktiki addımları izləmək lazımdır. Biz unutmamalıyıq ki, PKK-nın uzantıları siyasi fəaliyyətlə məşğuldular, parlamentdə təmsil olunurlar. Bəzi məsələlər Türkiyə cəmiyyətində birmənalı qarşılanmasa da, PKK-nın ortadan qaldırılması naminə təmkinli davranmaq lazımdır. Proseslərin gedişindən asılı olaraq sadalanan suallara cavab tapılacaq. Əsas odur ki, bütün bunların praktiki nəticəsi olsun”.

Vidadi ORDAHALLI

Избранный
0
50
baki-xeber.com

10Источники