AZ

"PKK Türkiyə cəmiyyətindən üzr istəməlidir" - AÇIQLAMA

"PKK-nın özünü ləğv etmək və silah buraxmaqla bağlı qəbul etdiyi qərarı keçid dövrü kimi dəyərləndirilə bilər". 

Bu sözləri siyasi şərhçi Aydın Quliyev Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, bundan sonra əvvəlkindən xeyli dərəcədə asan, amma o qədər də qısa olmayan yeni bir yol başlayır:

"Çünki təxminən 50 ilə yaxın silahlı mübarizə aparmış müəyyən strukturları olan terror təşkilatının tərksilah olunmasından söhbət gedir. Hansı ki, Türkiyə, İran, İraq və Suriya kimi ölkələrdə strukturları olan terror təşkilatından bəhs edirik. 

Yəni onun tərksilah olunma prosesi çox yumşaq getməyə bilər. Çünki PKK silahı yerə qoysa da, indiyə qədər PKK-nı silahlandırmaqda və Türkiyəyə qarşı qaldırmaqda maraqlı olan xarici qüvvələr var". 

373338

Ekspert diqqətə çatdırıb ki, PKK-nın bu qərarını onları dəstəkləyən geosiyasi qüvvələrlə məsləhətləşmə şəraitində verib-vermədiyi məlum deyil:

"Bundan sonrakı proseslərə həmin amillərin də təsiri olacaq. Həmçinin, bu qərarı Türkiyə daxilində ictimaiyyətin özünə qəbul etdirmək baxımından da müəyyən çətinliklər ola bilər. 

Nəzərə almaq lazımdır ki, PKK indiyə qədər terrorun günahsız qurbanları olmuş onminlərlə dinc əhaliyə görə üzr istəməyib. Yəqin ki, Türkiyə cəmiyyəti bunu çox həssas bir məsələ kimi qəbul edəcək. Bu səbəbdən də PKK-nın bütün Türkiyə cəmiyyətindən üzr istəməsi ilə bağlı bir təmanna olacağını düşünürəm". 

Aydın Quliyevin sözlərinə görə, PKK-nın silahı yerə qoyması onun fəaliyyətində siyasi ritorikaya və ideoloji platformaya söykənən yeni bir mərhələnin başlanğıcı olacaq:

"Yeni şəraitdə PKK-nın siyasi-hüquqi müstəvidə mübarizəsinin necə olacağı da qarşıda dayanan çətin mərhələlərdən biridir. Aydın məsələdir ki, çox gərgin müzakirələrə ehtiyac olacaq. 

PKK-nın dinc siyasi müstəvidə yenidən təşkilatlanması ehtimalı da hər zaman olacaq. Üstəlik, PKK-nın bundan sonra Türkiyənin daxilində gizli şəkildə fəaliyyət göstərməsində maraqlı olan xarici qüvvələr ola bilər. Bu da qardaş ölkənin daxilində çox ciddi problem yaradacaq məsələlərdən biridir".

Lakin ekspert gələcəyə ümidli baxmaq tərəfdarı olduğunu söyləyib:

"Nə qədər çətin mərhələlər olsa da, həlledici və müsbət təsiredici amillər də var. Əgər Türkiyədə hakimiyyət, aparıcı siyasi qüvvələr və cəmiyyət eyni mövqedə çıxış etsə, PKK ilə bağlı meydana çıxa biləcək yeni təhlükələri asan şəkildə neytrallaşdırmaq mümkün olacaq".

Pərviz
 

Seçilən
0
50
hit.az

10Mənbələr