Zərdab rayonunda 12 min manat dəyərində 2 min 720 metr kommunikasiya naqillərini oğurlamaqda təqsirləndirilən şəxslər həbs olunub.
Bu barədə Ölkə.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Bildirilib ki, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Alıcanlı, Dəliquşçu, Otmanoba, Hüseynxanlı, Xanməmmədli və Gödəkqobu kəndləri ərazilərində rabitə dirəklərindən keçən naqilləri oğurlayan Təbriz Mahmudov, Saməddin Kərimov və qardaşı Əvəzxan saxlanılıblar.
Onların 6 kənd ərazisində yerləşən rabitə dirəklərindən 12 min manat dəyərində 2 min 720 metr kommunikasiya naqillərini kəsərək əlvan metalları metal qəbulu məntəqələrindən birinə satdıqları müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.