RU

“Danışıqlarda Putin Ukraynanın təslim olmasını tələb edəcək” – “The Times”

Son zamanlar Donald Trampın Rusiya ilə bağlı ritorikası xeyli sərtləşib və bu, Kremli reaksiya verməyə məcbur edib. Lakin bu reaksiya hələlik yalnız sözlər səviyyəsində qalır və görünən odur ki, Vladimir Putin Ukrayna ilə bağlı maksimalist məqsədlərindən imtina etməyə hazır deyil. 

Bizim.Media xəbər verir ki, bu barədə “The Times” nəşri yazıb.

Məqalə müəllifi xüsusilə Qərb və Ukraynanın Rusiyaya 30 günlük atəşkəslə bağlı ultimatum verməsindən sonra Putinin gecə saat 2-də təcili efirə çıxmasına diqqət çəkib.

Hərçənd o da Ukrayna ilə birbaşa danışıqlar təklif edib. Ancaq Rusiya lideri dərhal atəşkəsi rədd edib və müharibənin “əsas səbəblərinin” aradan qaldırılmasını yenidən tələb edib.
 

Məqalə müəllifinin qeyd etdiyinə görə, bu, ən azı Kiyevdəki Qərbyönlü hökumətin aradan qaldırılması və Ukraynanın NATO yolundan imtinası deməkdir. Putin həmçinin Krım və hələ də tam nəzarət etmədiyi dörd kontinental regiondan da Ukraynanın imtinasını tələb edə bilər.


Jurnalistin fikrincə, Putin Qərbin yeni sanksiyalarından qorxmur, çünki Rusiya artıq dünyanın ən çox sanksiyaya məruz qalan ölkəsidir. Lakin bu, nə Moskvada, nə də Sankt-Peterburqda həyat səviyyəsinə ciddi təsir göstərib. Ona görə də Putin  “tarixi missiya” hesab etdiyi müharibədən çəkilməyəcək.

“Nəticə olaraq, Kreml hər həftə öz tələblərini təkrar edir. Bəzən başqa sözlərlə ifadə etsə də, mahiyyət etibarilə dəyişiklik yoxdur. Onların fikrincə, sülhə gedən yeganə yol Ukraynanın Rusiyaya hər istədiyini verməsidir”, – deyə “The Times”ın jurnalisti qeyd edib. 

30 günlük atəşkəslə bağlı ultimatum

UNIAN-ın yazdığına görə, dünən Ukrayna Prezidenti Rusiya qarşısında ultimatum irəli sürüb və bildirib ki, bu təşəbbüsü ABŞ və Avropa tərəfdaşları da dəstəkləyir. Ultimatuma əsasən, bazar ertəsindən etibarən Ukrayna birtərəfli və şərtsiz şəkildə 30 günlük ümumi atəşkəsə başlayır və Rusiya bu atəşkəsə qoşulmalıdır. Əgər Rusiya bu şansı rədd etsə, ona qarşı əlavə sanksiyalar tətbiq olunacaq.

Gecə saatlarında isə Putin mediaya şəxsən açıqlama verərək Ukrayna və Qərbin birgə ultimatumuna cavab verib. O, Kiyevlə razılaşdırılmamış şəkildə birtərəfli elan etdikləri “pasxa” və “parad” atəşkəslərinin Ukrayna tərəfindən pozulduğunu iddia edib. Lakin o, 30 günlük atəşkəs təklifini ümumiyyətlə dilə gətirməyib, əvəzində Ukrayna ilə sülh danışıqlarına 15 maydan başlamağı təklif edib.

Daha sonra Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Kreml əvvəlcə yekun sülh barədə danışıqlar, sonra isə atəşkəs istəyir.

Putinin köməkçisi Yuri Uşakov isə əlavə edib ki, danışıqlar 2022-ci ildəki razılaşmalar (yəni faktiki olaraq Ukraynanın təslim olması) və “müxtəlif bölgələrdəki real vəziyyətlər” (başqa sözlə, Rusiyanın işğal etdiyi ərazilərin tanınması) əsasında aparılmalıdır.


Bizim.Media

Избранный
0
30
bizim.media

10Источники