Madridin "Real" klubunun hücumçusu Kilian Mbappe komandanın heyətində debüt mövsümündə ən çox qol vurmaqla rekord qırıb.
Oxu.Az xəbər verir ki, Fransa futbolçusu İspaniya Primerasının 35-ci turunda "Barselona" ilə oyunda dubl edib. Bu qollar onun "Kral klubu"nda ilk mövsümdə vurduğu 37-ci və 38-ci qollar olub.
Beləliklə, 26 yaşlı hücumçu "Real"in keçmiş futbolçusu İvan Samoranonun 1992/93 mövsümündə müəyyənləşdirdiyi 37 qolluq rekordunu təzələyib.
Xatırladaq ki, Mbappe 2024-cü ilin yayında Madrid klubuna pulsuz transferlə qoşulub. Futbolçunun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 170 milyon avro təşkil edir.