RU

Roma Papasının əsas vəzifəsi Trampı Avropaya yaxınlaşdırmaq olacaq...


Tural İrfan: “Trampın Avropaya qarşı aqressivləşən, bir qədər də mürəkkəb siyasətini həlimləşdirmək üçün bir jest olaraq düşünülə bilər”

Amerikalı kardinal Robert Prevo yeni Roma Papası seçildi. O, XIV Leo adını götürüb. 14-cü Leo 267-ci Roma Papasıdır. Robert Prevo həm də ABŞ-dan seçilən ilk Papadır.

Amerikalı kardinalın Papa seçilməsi təsadüfdürmü? Trampın Avropaya münasibətini yumşaltmaq üçün belə bir jest edə bilərlərmi?

Milli Cəbhə Partiyasının (MCP) sədr müavini, ilahiyyatçı Tural İrfan baki-xeber.com-a bildirdi ki, amerikalı kardinal Robert Prevonun 267-ci Roma Papası seçilməsi qətiyyən təsadüfi deyil: “Amerikalı kardinal Robert Prevo növbəti Roma papası seçilib. Təbii ki, amerikalı kardinalın papa seçilməsi təsadüf ola bilməz. Bir neçə gün əvvəl ABŞ prezidenti Donald Trampın Roma papası qiyafəsində qəribə fotosu yayılmışdı. Bu, indiki seçkinin nəticələrindən xəbərdar olduğuna dair mesaj idi. Hər yerdə, bütün mövzularda öncül olmaq, birinci olmaq uğrunda ABŞ liderinin xüsusi bir siyasi zövqü, marağı var”. T.İrfan qeyd etdi ki, Roma papasının seçilməsi açıq şəkildə keçirilmir, qapalı formada daxili qaydalara əsasən baş tutur: “Kardinallar mövcud, ənənəvi qaydalara əsasən papa seçir və özləri də bunu elan edirlər.

Təbii ki, Trampın Avropaya qarşı aqressivləşən, bir qədər də mürəkkəb siyasətini həlimləşdirmək üçün bir jest olaraq düşünülə bilər. Çünki Roma papasının xristian dünyasına, siyasilərə əhəmiyyətli dərəcədə təsiri var.

Təbii ki, papa seçilərkən təkcə dini şərtlər və qaydalar nəzərə alınmır. Katolik dünyasının lideri, eyni zamanda Vatikanın dövlət rəhbəri və bütün xristian aləminə təsir rıçaqları olan şəxsin belə bir posta seçilərkən siyasi kriteriyalara da cavab verməsi zəruri götürülür. Əslində Papanın amerikalı olması Avropanın jestindən daha çox ABŞ-ın Avropa üzərindəki üstünlüyünün göstəricisidir.

Görünən odur ki, bu hadisə Avropa ilə ABŞ-ın münasibətlərinin nizama salınmasına diqqəti artıracaq, Trampın bəzi Avropa ölkələrinə qarşı narahatedici addımlarını yüngülləşdirəcək. Hər halda nəticələrin bu cür olmasında ABŞ-ın, xüsusən, şəxsən prezident Trampın komandasının təsiri hiss olunur”.

İradə SARIYEVA

Избранный
0
baki-xeber.com

1Источники