Harvard Universitetinin Səhiyyə Tədqiqatları Mərkəzinin son elmi araşdırması bir daha təsdiqləyib ki, kişilərin qadınlara nisbətən daha erkən və tez-tez dünyasını dəyişməsi bioloji və davranış faktorlarının vəhdəti ilə bağlıdır.
News24.az xəbər verir ki, 15 ölkədə 20 illik statistik göstəriciləri təhlil edən tədqiqatçılar, kişilərin orta ömür uzunluğunun qadınlardan 5-7 il az olduğunu müəyyən ediblər.
Alimlərin fikrincə, bu fərq ilk növbədə hormon balansı ilə bağlıdır. Estrogen hormonunun qadın orqanizmində ürək-damar xəstəliklərinə qarşı qoruyucu rol oynadığı halda, kişilərdə bu mexanizm yoxdur. Eyni zamanda, kişilər daha çox siqaret, alkoqol istifadəsi və riskli davranışlara meylli olduqları üçün onların ömrü həm də həyat tərzinə görə qısalır.
Tədqiqatda qeyd edilir ki, kişilər stres və psixoloji gərginliyi qadınlara nisbətən daha az paylaşır və bu da daxili fəsadlara, o cümlədən ürək-damar və sinir sistemi pozuntularına səbəb olur.
Ən diqqətçəkən nəticə isə kişilərin həkimə müraciət etmə nisbətinin qadınlardan 40% daha az olmasıdır. Bu faktor erkən diaqnostika imkanlarını məhdudlaşdırır və ölümlə nəticələnə biləcək xəstəliklərin vaxtında aşkarlanmasına əngəl olur.
Aqil