8 may 2025-ci il tarixində Qərbi Azərbaycan İcmasında ABŞ-ın Arizona Dövlət Universitetinin məsləhətçisi, ictimai-siyasi ekspert və Qərbi Azərbaycan İcmasının fəxri üzvü Dr. Jannah Scottla görüş keçirilib.
News24.az xəbər verir ki, görüş zamanı qonağı İcmanın aparat rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov qarşılayıb. Qalib Qasımov qonağa İcmanın binası və kitabxanası ilə tanışlıq zamanı Qərbi Azərbaycanın tarixi və mədəniyyəti barədə ətraflı məlumat verib.
Aparat rəhbəri görüşdə İcmanın fəaliyyət istiqamətləri və məqsədləri, xüsusilə də indiki Ermənistandan zorla qovulmuş azərbaycanlıların beynəlxalq hüquqa uyğun şəkildə – sülh yolu ilə, təhlükəsizlik və ləyaqət prinsipləri əsasında geri qayıtmaq hüquqlarının bərpası istiqamətində görülən işlərdən danışıb. O, bu hüququn təmin olunmasının vacibliyini vurğulayıb.
Dr. Jannah Scott Qərbi Azərbaycan İcmasının fəaliyyəti ilə tanışlıqdan məmnunluq duyduğunu bildirib və İcmanın təşəbbüslərini yüksək qiymətləndirib. O, Qərbi Azərbaycanın həqiqətlərinin beynəlxalq auditoriyalara çatdırılmasının, eləcə də Ermənistandan zorla çıxarılmış azərbaycanlıların, xüsusən yaşlı nəslin həyat hekayələrinin gənc nəslə ötürülməsinin əhəmiyyətini vurğulayıb. Bu sahədə İcma ilə əməkdaşlıqda maraqlı olduğunu da qeyd edib.
Görüşdə həmçinin Qərbi Azərbaycanın Hamamlı rayonu Saral kənd icmasının sədri, Azərbaycan Dillər Universiteti rektorunun müşaviri Anar Osmanlı da iştirak edib.


