RU

Rusiyada 9 May paradından sonra nələr olacaq? - AÇIQLAMA

Rusiya-Ukrayna müharibəsi artıq təkcə cəbhə xətti ilə məhdudlaşmır, dərin siyasi və simvolik məqamlarla davam edir. 9 May Rusiyada "Qələbə günü" kimi qeyd olunan bu tarix həm daxili auditoriyaya mesaj, həm də beynəlxalq imic üçün önəmli vasitədir. Lakin bu il həmin günün ətrafında yaranan təhlükəsizlik böhranı onu əsl parad yox, riskli tədbirə çevirib. Ukraynanın son günlərdəki dron hücumları, hava məkanındakı xaos və səslənən xəbərdarlıqlar Rusiyanın təhlükəsiz güc görüntüsünü sarsıtmağa xidmət edir. Bütün bunlar Zelenskinin "təhlükəsizlik zəmanəti verə bilmərik" bəyanatının nə qədər real əsaslara söykəndiyini ortaya qoyur. 

Bəs Rusiya bununla bağlı hansı tədbirlər görməyi planlaşdırır? 

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu açıqlama verib:

"Hazırda Rusiyanın, xüsusilə də Moskva daxil olmaqla əsas şəhərlərinin hava limanlarında ciddi nizamsızlıq yaşanır. Ukraynanın genişmiqyaslı pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi hücumlar səbəbindən təyyarələrin uçuşu təxirə salınır, eniş edən sərnişinlər isə saatlarla təyyarədən düşə bilmir. Sosial mediada yayılan görüntülərdə sərnişinlərin oksigen çatışmazlığı və gigiyenik problemlərlə üzləşdiyi əks olunub.
Bu hadisələr Ukrayna Prezidenti Volodimir Zelenskinin bir neçə gün əvvəlki "9 May paradına qatılacaq xarici qonaqların təhlükəsizliyinə təminat verə bilmərik" açıqlamasının reallıqda əks olunmasıdır. Belə şəraitdə müxtəlif ölkələrin liderlərinin paradda iştirak etməsi, onların təhlükəsizliyi baxımından ciddi suallar doğurur.
Rusiyanın dekabr ayında Azərbaycanın mülki təyyarəsini səhvən hədəfə alması göstərdi ki, bu ölkənin hava məkanı nəzarətdən tam çıxmış vəziyyətdədir. Üstəlik, dronla sərnişin təyyarəsi arasında fərq qoymaqda çətinlik çəkdikləri də artıq faktdır".

Politoloq qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin Kiyevə 3 günlük atəşkəs təklif etməsinin səbəbi də məhz bu idi - Qələbə Gününü sakit və nümayişkaranə şəkildə keçirmək arzusudur. Lakin Zelenski işğalçı ölkənin başçısına bu rahatlığı tanımaq istəmir və bu da tamamilə başadüşüləndir. Çünki müharibə şəraitində olan Rusiya, təbii olaraq, Ukraynanın cavab zərbələri ilə üzləşməkdədir.

Aysel Əkbər
Milli.Az 

Избранный
0
1
milli.az

2Источники