Tanımaq çətin idi… Üstündən cəmi iki il yarım vaxt keçib, amma əvvəlki illərdə gördüyümüz Rəşaddan, demək olar, əsər-əlamət qalmayıb. Xeyli arıqlayıb, saçları daha da ağarıb. Susqun, ciddi... Əvvəlkindən bir az da çox.
Ölkə.Az xəbər verir ki, bu sözləri “Qafqazinfo”nun məhkəmə jurnalisti Sail Ağasəlim meyxanaçı Rəşad Dağlı ilə görüşü barədə yazdığı məqalədə bildirib.
“- Şair, Allah qapını açsın!
- Çox sağ olun, Allah köməyiniz olsun!
Aramızda belə bir qısa dialoq keçdi. Yanına gələn vardı.
Məhkumlarla söhbətdə öyrəndim ki, Rəşad Dağlı cəzaçəkmə müəssisəsində idmana başlayıb, çəki itirməsinin səbəbi də bu imiş.
Deyirlər, çox adamla qaynayıb-qarışmır. Əsasən, kamerada olur. Sakit, tək…”, - deyə qeyd edib.
Jurnalist yazır ki, söhbət əsnasında Rəşadın yanına həmkarlarından ən çox kimlərin gəldiyini soruşub.
“Dedilər ki, daha çox Orxan Lökbatanlı və Ruslan Müşfiqabad gəlir. Hə, bir də Mehman Əhmədli. Bu an xatırlayıram ki, məhkəmə dövründə də adıçəkilənlər hər prosesdə iştirak edirdilər.
“Bəs Balaəli?”, - deyə maraqlandım. Öyrəndim ki, Balaəli ilə Pərviz Bülbülə əvvəllər daha çox görünürdü. Ya da, bəlkə, mənim həmsöhbət olduğum məhkum onu əvvəllər daha tez-tez görürmüş.
Axşamüstü saat 5-dir, görüş vaxtı bitir. Dostumu, Rəşad Dağlını, səssiz həyatı orada qoyub çıxdım.
Çıxanda ürəyimdə də, dilimdə də eyni dua idi: “Allah hamınızın qapınızı açsın!”, - deyə S.Ağasəlim sonda əlavə edib.