Dostumu görməyə getmişdim, qarşıma saçı ağarmış Rəşad Dağlı çıxdı...
Orada təsadüfən qarşıma çıxan bir nəfər məni illər əvvələ - meyxana meydanlarının qızğın çağlarına apardı. Keçmişə səyahət etdirən adam Rəşad Dağlı idi. Artıq iki ildir ki, buranın sakinidir o da. Səbəbi də hamıya məlumdur - meyxana aləminin tanınmış siması qonşusunu qətlə yetirdiyinə görə zindandadır. Ona 9 il 6 ay həbs cəzası kəsilib. Bir vaxtlar “40 yaşımda sənətdən gedəcəyəm” deyən meyxanaçının həmin yaşda həbsdə ola biləcəyi, bəlkə də, heç ağlının ucundan keçməmişdi. Tanımaq çətin idi… Üstündən cəmi iki il yarım vaxt keçib, amma əvvəlki illərdə gördüyümüz Rəşaddan, demək olar, əsər-əlamət qalmayıb. Xeyli arıqlayıb, saçları daha da ağarıb. Susqun, ciddi... Əvvəlkindən bir az da çox.
- Şair, Allah qapını açsın! - Çox sağ olun, Allah köməyiniz olsun! Aramızda belə bir qısa dialoq keçdi. Yanına gələn vardı. Məhkumlarla söhbətdə öyrəndim ki, Rəşad Dağlı cəzaçəkmə müəssisəsində idmana başlayıb, çəki itirməsinin səbəbi də bu imiş. Deyirlər, çox adamla qaynayıb-qarışmır. Əsasən, kamerada olur. Sakit, tək… Söhbət əsnasında soruşdum ki, Rəşadın yanına həmkarlarından ən çox kimlər gəlir? Dedilər ki, daha çox Orxan Lökbatanlı və Ruslan Müşfiqabad gəlir. Hə, bir də Mehman Əhmədli. Bu an xatırlayıram ki, məhkəmə dövründə də adıçəkilənlər hər prosesdə iştirak edirdilər.
“Bəs Balaəli?”, - deyə maraqlandım. Öyrəndim ki, Balaəli ilə Pərviz Bülbülə əvvəllər daha çox görünürdü. Ya da, bəlkə, mənim həmsöhbət olduğum məhkum onu əvvəllər daha tez-tez görürmüş. “Zon”un divarları arasında təkcə şair Rəşad Dağlının adı hallanmır. Bura bir zamanlar kreslo sahibi olan məmurların da son dayanacağına çevrilib. Məsələn, bir vaxtlar tədbirlərdəki şeirləri, sonradan maralları ilə də məşhur olan Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov, Cəlilabadın keçmiş rəhbəri Namiq Zeynalov da indi eyni dəmir qapıların arxasında günlərini sayırlar. Həyatın enişli-yoxuşlu yolları onları da bura gətirib. Təəssüf ki, keçmiş vəzifə sahiblərinin “içəri”dəki həyatı ilə az da olsa, maraqlanmağa zamanım yetmədi… Axşamüstü saat 5-dir, görüş vaxtı bitir. Dostumu, Rəşad Dağlını, səssiz həyatı orada qoyub çıxdım. Çıxanda ürəyimdə də, dilimdə də eyni dua idi: “Allah hamınızın qapınızı açsın!” Sail Ağasəlim