RU

Vətənə və xalqa həsr olunan şərəfli ömür

Xalqımızın Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. Şərəfli ömür yolu, örnək dolu siyasi fəaliyyəti ilə xalqımızın tükənməz və əbədi məhəbbətini qazanmış Heydər Əliyevin adı tariximizə Ulu Öndər, böyük şəxsiyyət, görkəmli dövlət xadimi, dünyaca tanınmış siyasət adamı, müstəqilliyimizin xilaskarı, qüdrətli sərkərdə, ən böyük azərbaycanlı kimi yazılmışdır. İllər, qərinələr, əsrlər ötəcək, nəsillər bir-birini əvəzləyəcək, amma Ümummilli Liderimiz Heydər Əliyevin adı Azərbaycanda, eləcə də dünya tarixində əbədi yaşayacaq, xatirəsi hər zaman yüksək ehtiramla yad olunacaqdır.

Quruculuq dövrü, intibah mərhələsi

Ömrünün 34 ilini öz dövlətinin inkişafına və xalqının rifahına həsr etmiş Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün illər quruculuq dövrü, Azərbaycanın intibah mərhələsi kimi səciyyələndirilir. Müasir tariximiz təsdiq edir ki, ölkəmizi ən çətin və gərgin dövrlərdə məhz Heydər Əliyevin dühası xilas etmişdir. Ona həvalə olunan missiyaları hər zaman qətiyyətlə yerinə yetirən bu dahi şəxsiyyət bütün tarixi şəraitlərdə xalqımızın ümidlərini layiqincə doğrultmuşdur. 

Bu mənada Heydər Əliyevin hələ sovet hakimiyyəti illərində Azərbaycana rəhbərliyi müasir dövlətçilik tariximizin mühüm mərhələlərindən biridir. Sovetlər İttifaqı dövründə Heydər Əliyevə qədər və ondan sonra respublikamıza bir çox dövlət adamı rəhbərlik etmişdir. Amma onların heç birinin rəhbərliyi Heydər Əliyev qədər respublikamızın, dövlətimizin inkişafına və xalqımızın milli özünüdərkinin, mənafeyinin yüksəlişinə xidmət etməmişdir. Heydər Əliyev sovet illərində Azərbaycanı sadəcə ittifaqın geridə qalmış üzvündən inkişaf etmiş sənaye respublikasına çevirmədi. Azərbaycanı iqtisadi və sosial göstəricilərinə görə ittifaq üzvləri arasında 14-cü yerdən qabaqcıllar cərgəsinə yüksəldən görkəmli dövlət xadimi həm də sovet ideologiyasına qarşı çıxmağın son dərəcə təhlükəli olduğu bir şəraitdə həyata keçirdiyi cəsarətli tədbirlərlə xalqımızın milli-mədəni və mənəvi dəyərlərini yaşatdı, qorudu və gələcək nəsillərə ötürülməsini təmin etdi. Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında sərəncamında deyildiyi kimi, "Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətində atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soy-kökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir".

Bəli, dahi şəxsiyyətin Azərbaycana sovet dövrü rəhbərliyinin ən böyük nəticələrindən biri də budur ki, həyata keçirdiyi tədbirlərlə, planladığı işlərlə gələcək müstəqilliyimizin əsaslarını formalaşdırmış, suverenliyimizin etibarlı təməllərini yaratmışdır. Ulu Öndərin o illərdə həyata keçirdiyi bütün işlərin alt qatlarında məhz Azərbaycanın dövlət müstəqilliyi və suverenliyi ideyalarının formalaşmasına və reallaşmasına xidmət edən həqiqətlər vardır. 

Dövlətçilik tariximizin şərəfli səhifəsi

Ulu Öndərin öz xalqına layiqli və şərəfli xidmətinin növbəti nümunəsini Azərbaycanın müstəqilliyinə gedən tarixi yolda cərəyan edən proseslərin fonunda görmək mümkündür. O dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən və Siyasi Büro üzvlüyündən istefa verən Heydər Əliyev yenə də öz xalqının yanında idi. Dahi şəxsiyyətin hələ 1990-cı ilin Qanlı 20 Yanvar hadisələrindən dərhal sonra cənab İlham Əliyevlə birgə respublikamızın Moskvadakı daimi nümayəndəliyinə gələrək etiraz səsini ucaltması, xalqımıza qarşı törədilən ağır cinayətlərə görə böyük cəsarətlə SSRİ-nin rəhbərliyinin məsuliyyət daşıdığını bəyan etməsi dövlətçilik tariximizin ən mühüm siyasi hadisələrindən biridir. 

Bu hadisə bir daha göstərmişdir ki, məhz Heydər Əliyevin siyasi dühası yenicə baş qaldırmış milli azadlıq mübarizəsinin vüsət almasına xidmət etmişdir. Bu mənada, Ulu Öndərin 1990-cı ilin iyul ayında Azərbaycana, doğulub boya-başa çatdığı Naxçıvana gəlməsi müstəqillik uğrunda mübarizənin daha mütəşəkkil forma almasına gətirib çıxarmışdır. Naxçıvan ictimaiyyətinin təkidi ilə 1990-cı ildə keçirilən seçkilərdə Naxçıvan Ali Məclisinə və Azərbaycan Ali Sovetinə deputat seçilən Heydər Əliyevin bu mərhələdə həyata keçirdiyi siyasi fəaliyyət ölkəmizin müstəqilliyi uğrunda gedən proseslərin keyfiyyətcə yeni mərhələyə keçməsinə səbəb olmuşdur. O dövrdə Naxçıvan Ali Məclisinin qəbul etdiyi qərarlarla 70 ildən sonra Azərbaycanın üçrəngli bayrağının yenidən rəsmi bayraq kimi təsbit edilməsi, Naxçıvan MR adından "sovet" və "sosialist" sözlərinin çıxarılması, 1990-cı ilin 20 Yanvar faciəsinə siyasi-hüqiqi qiymətin verilməsi, SSRİ-nin saxlanılması ilə bağlı referendumun Naxçıvanda baykot edilməsi öz xalqının arzuları uğrunda dönmədən mübarizə aparmağın, milli fədakarlığın əsl örnəyi idi. Hansı ki bütün bunlar ən cəsarətli siyasi-hüquqi addımlar olaraq xalqımızın müstəqillik yollarını daha da işıqlandırmışdır. 

Azərbaycanın müasir dövlətçilik irsinin şanlı səhifələri olan qətiyyətli addımları ilə yanaşı, Ulu Öndər həm də Naxçıvan Muxtar Respublikasının Ermənistan tərəfindən işğalının qarşısını aldı. 1991-ci il sentyabrın 3-də Naxçıvan Ali Məclisinin Sədri seçilən Heydər Əliyevin böyük müdrikliklə həyata keçirdiyi tədbirlər həm də muxtar respublikanı düşmənin digər məkrli planlarından xilas etdi. Məhz Heydər Əliyevin qətiyyəti nəticəsində keçmiş sovet hərbi hissələri muxtar respublikanı tərk edərkən indiyədək görünməmiş ilkə imza ataraq, bütün silah və texnikalarını Azərbaycan Ordusunun yerli hissələrinə təhvil vermişdilər. Muxtar respublikanın müdafiəsi 1992-ci ilin avqust-sentyabr aylarında sözügedən hərbi hissələrin Naxçıvanı tərk etməsindən sonra daha da güclənmişdi.

Təəssüflə qeyd etməliyik ki, o illərdə Azərbaycana rəhbərlik edənlərin başıpozuqluğu, taleyüklü məsələlərə laqeyd münasibəti Naxçıvanın blokada vəziyyətini daha da dərinləşdirmişdi. Məhz Heydər Əliyev kimi dünya siyasət nəhənginin və təcrübəli dövlət xadiminin qardaş Türkiyə və İranla yaratdığı əlaqələr o dövrdə Naxçıvandakı sosial-iqtisadi çətinliklərin azaldılmasında böyük rol oynadı. Ulu Öndərin sayəsində 1992-ci il mayın 28-də Azərbaycanla Türkiyə arasında "Ümid" körpüsünün istifadəyə verilməsi və digər tədbirlər enerji çatışmazlığından, nəqliyyat blokadasından, sosial-iqtisadi böhrandan əziyyət çəkən muxtar respublikanı fəlakətlərdən xilas etdi.

Əlbəttə, Azərbaycan xalqı bütün bunları görür, dəyərləndirir və təsadüfi deyil ki, müstəqilliyimizin ilk illərində yaranmış böhranlardan xilas olmaq üçün Heydər Əliyevin respublikamızda yenidən rəhbərliyə gəlişini arzu edirdi. 1992-ci ilin noyabr ayında Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis edilməsi də, əslində, bu ülvi niyyətdən irəli gəlirdi. Tariximizin mühüm siyasi hadisələrindən olan Yeni Azərbaycan Partiyasının yaradılması isə Ulu Öndər Heydər Əliyevin Azərbaycanı xilas etmək uğrunda növbəti tarixi missiyasının ilk addımlarından biri idi. 

Müstəqilliyimizin xilaskarı, müasir Azərbaycanın banisi 

Təsis edilməsindən qısa müddət sonra Yeni Azərbaycan Partiyasının sıralarında minlərlə, on minlərlə vətəndaş birləşdi və bu, böyük rəhbər Heydər Əliyevə olan inamın real göstəricisi idi. 1992-1993-cü illərin məlum hadisələri, respublikamızın düşdüyü dərin siyasi-hərbi böhran zamanı hər kəs əmin idi ki, Azərbaycanı bu bəlalardan yalnız Heydər Əliyev şəxsiyyəti xilas edə bilər. Hətta Heydər Əliyevi özünə rəqib görən və ona təzyiqlər edən ozamankı iqtidar da vəziyyətdən çıxış yolunu məhz Ulu Öndərin Bakıya gəlişində görürdü. 

1993-cü il iyun ayının əvvəllərində Gəncə şəhərində baş verən hadisələrdən sonra vəziyyətə biganə qala bilməyən böyük şəxsiyyət Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi xalqımızın ümidlərini, sabaha olan inamını özünə qaytardı. Heydər Əliyevin gəlişi ilə, əslində, hamı rahat nəfəs aldı. Çünki hər kəs, bütün Azərbaycan xalqı tam əmin idi ki, Heydər Əliyev Azərbaycanı bütün təhlükələrdən xilas edəcək. Proseslərin sonrakı gedişatı xalqın Ulu Öndəri hakimiyyətə dəvət etməkdə nə qədər haqlı, uzaqgörən və müdrik olduğunu göstərdi. Xalqımızın taleyinin, dövlətçiliyimizin müqəddəratının həll olunduğu 1993-cü ilin iyununda Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilərək idarəçilik sükanının arxasına keçməsi, əslində, onun ölkəmizi məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Ulu Öndər Heydər Əliyev hər siyasətçinin öhdəsindən gələ bilməyəcəyi bu missiyanı qətiyyətlə yerinə yetirdi, Azərbaycanı labüd dağılmaqdan, məhv olmaqdan xilas etdi. Bu, özünün dediyi kimi, ömrünün qalan hissəsini də xalqına həsr edən dahi Heydər Əliyevin xalq və dövlət, insanlıq qarşısındakı əvəzolunmaz fədakarlığı oldu. Ulu Öndər dövlətçiliyimizə qənim kəsilən dairələrin Azərbaycanı parçalamaq planlarını tamamilə puça çıxardı, dövlətçiliyimizin və müstəqillimizin əbədiliyini və dönməzliyini, sarsılmazlığını təmin etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir.

Aradan zaman ötdükcə, illər bir-birini əvəzlədikcə, müstəqil Azərbaycan uğurlarının sayını artırdıqca böyük Heydər Əliyevin ağır və gərgin 1993-cü ildə həyata keçirdiyi xilaskarlıq missiyasının mahiyyətini, həmin mürəkkəb şəraitdə hansı çətinliklərə sinə gərərək qalib gəldiyini daha dərindən anlayırıq. Beləliklə, siyasi müdrikliyi və təcrübəsi ilə müstəqilliyimizi xilas edən Heydər Əliyev öz əməlləri ilə xalqımızın Ümummilli Liderinə, müasir və suveren Azərbaycan dövlətinin banisinə çevrildi.

Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 il isə dövlətçilik tariximizin olduqca mühüm mərhələsidir. Çünki bu illər ərzində Heydər Əliyev dövlətçiliyimizin etibarlı təməllərini yaratmış, hüquqi dövlət quruculuğunu həyata keçirmiş, müstəqilliyi hələ kövrək ikən respublikamızı inamlı inkişaf yoluna çıxarmışdır. Azərbaycanın bugünkü bütün uğurlarının, qələbələrinin, dövlət suverenliyimizin bərpa edilməsinin və sairə strateji əsasları məhz o dövrdə formalaşmış və müstəqil Azərbaycan Respublikası dünya birliyində özünün layiqli yerini məhz Heydər Əliyevin böyük siyasəti, yuxusuz gecələri, müqayisəsiz zəhməti bahasına tutmuşdur. 

Yüksəliş və möhtəşəm uğurlar dövrü

Heydər Əliyevin yaratdığı və inkişaf yoluna çıxardığı müstəqil Azərbaycanın taleyi bu gün etibarlı əllərdədir. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın qazandığı möhtəşəm və tarixi nailiyyətlər bir daha göstərir ki, Ulu Öndər Heydər Əliyevin ideyaları həyata davamlı vəsiqə alır, arzuları bir-bir çin olur. Müstəqil Azərbaycanın 2003-cü ildən sonrakı tarixi həm də onu sübut edir ki, böyük Heydər Əliyevin ideyaları güclü Azərbaycan, qüdrətli və sarsılmaz dövlətçilik, əbədi müstəqillik və yüksəliş deməkdir. Bu mənada, Prezident İlham Əliyevin rəhbərliyi ilə geridə qoyduğumuz 21 il xalqımızın müstəqillik salnaməsinə Vətən müharibəsində qazandığı Zəfər tarixi, inkişaf, quruculuq, dövlətçiliyimizin qüdrətləndiyi və Azərbaycanın tarixinin ən güclü dövlətinə çevrildiyi dövr kimi həkk olunub. 

Bu illər ərzində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrik rəhbərliyinin nəticəsi olaraq Azərbaycan həm də regionda lider, dünyada isə söz sahibi olan dövlətə çevrilib və bunu şərtləndirən çoxsaylı nümunələr, siyasi-iqtisadi faktorlar var. Məsələn, Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə artıq 20 ilə yaxındır ki, Azərbaycan nefti dünya bazarlarına ixrac olunur. Prezident İlham Əliyev qətiyyətinin təntənəsi olan "Cənub qaz dəhlizi" isə Azərbaycanın təbii qazını birbaşa Avropa dövlətlərinə ixrac edir. Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycan həm də qlobal nəqliyyat dəhlizlərinin keçdiyi unikal dövlətə çevrilib. Şimaldan Cənuba, Şərqdən Qərbə və əksinə, ən etibarlı, sürətli və operativ nəqliyyat yolları məhz Azərbaycandan keçir. 

Ötən 21 ildə Azərbaycan dövlət olaraq o qədər möhtəşəm və saysız-hesabsız uğurlara nail olmuşdur ki, kənardan baxanda, həqiqətən, respublikamıza həsəd aparmaq olar. Prezident cənab İlham Əliyev bu dövrdə Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf siyasətini layiqincə davam etdirərək, eyni zamanda günün çağırışlarına uyğun şəkildə daha zənginləşdirərək, dünyada inkişafın Azərbaycan modelini yaratmış, ölkəmizin yüksəlişi üçün bütün fürsətləri və imkanları reallığa çevirmişdir. Artıq uzun illərdir ki, dünyada Azərbaycan adı gələndə, barəsində söz deyiləndə, sürətlə inkişaf edən, qlobal miqyasda güclü nüfuzu olan dövlət göz önünə gəlir.

Əlbəttə, bütün bunlar Prezident İlham Əliyevə və müstəqil respublikamıza qlobal miqyasda yüksək nüfuz qazandırmış və qazandırmaqdadır. Bütün bunları təmin edən cənab İlham Əliyev həm də dünyanın nüfuzlu və ehtiram göstərilən siyasi liderləri ilə bir cərgədə dayanan, uca qaməti, yerişi ilə hər kəsi heyran edən dövlət başçısıdır desək, yanılmarıq. Prezident İlham Əliyevin təkcə aprel ayında Çin Xalq Respublikasına etdiyi dövlət səfəri və bu səfərin dünyada yaratdığı əks-səda bütün bu deyilənləri bir daha təsdiq edir. Eləcə də müxtəlif bayramlarda, əlamətdar günlərdə dövlət və hökumət rəhbərlərinin Prezident İlham Əliyevə ünvanladıqları məzmunlu məktublar, dövlət başçısının ən nüfuzlu beynəlxalq tədbirlərə dəvət edilməsi, hər bir çıxışının, niqtinin maraqla izlənilməsi də Prezident İlham Əliyevin Ulu Öndərin ən layiqli siyasi davamçısı kimi dünyada yüksək siyasi nüfuzundan xəbər verir.

Heydər Əliyevin ideyalarının və İlham Əliyevin qətiyyətinin ən böyük təntənəsi

Prezident İlham Əliyev qətiyyətli və müdrik siyasi kursu ilə qədirbilən xalqımızın qürur mənbəyinə çevrilmiş, bugünkü nəsli gələcək nəsillər qarşısında alnıaçıq edən şərəf tarixini yazmış və yaratmış, Azərbaycanı Ulu Öndərin arzuladığı ucalığa yüksəltmiş qəhrəman kimi əbədi liderlik əldə etmişdir. Dahi Heydər Əliyevin ən böyük arzusu isə torpaqlarımızın erməni işğalından azad edilməsi, bütün ərazilərimiz üzərində milli suverenliyimizin bərpa olunması, məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı idi. Böyük liderimiz torpaqlarımızın işğaldan azad ediləcəyinə ürəkdən inanırdı və bu inamını hələ 1998-ci ildə Novruz bayramı münasibətilə Mərdəkandakı "Abşeron" sanatoriyasında məcburi köçkünlərlə görüşündə belə ifadə etmişdi: "Bu gün Novruz bayramını bir yerdə keçiririk. Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə gələcəyəm Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram".

Ulu Öndərin ideyalarının həyata vəsiqə almasını layiqincə təmin edən cənab İlham Əliyevin fəaliyyətində həmişə torpaqlarımızın işğaldan azad edilməsi prioritet istiqamət təşkil etmişdir. Hələ respublikamıza rəhbərliyinin ilk günündə, 2003-cü ilin prezident seçkilərindən sonra keçirilən andiçmə mərasimində Prezident İlham Əliyev Azərbaycanın heç vaxt torpaqlarının işğal altında qalması ilə barışmayacağını və doğma ərazilərini nəyin bahasına olursa-olsun, azad edəcəyini bəyan etmişdir: "Bu problem yalnız bir neçə prinsiplər, beynəlxalq hüquq normaları əsasında həll oluna bilər: Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir". 

Prezident İlham Əliyev atasının qurucusu olduğu müstəqil müasir Azərbaycanı inkişaf etdirməklə, tarixinin ən qüdrəti dövlətinə çevirməklə, eyni zamanda işğal altında olan torpaqlarımızın azad edilməsi üçün illərdir ki, etibarlı təməllər yaratmağı hədəfləmişdir. Ordu quruculuğunu daim diqqət mərkəzində saxlayan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev hər zaman qətiyyətlə bəyan edirdi ki, sülh danışıqları nəticəsiz qalacağı təqdirdə torpaqlarımız güc yolu ilə azad olunacaqdır. Bunun üçün Prezidentin rəhbərliyi ilə davamlı şəkildə hərbi islahatlar həyata keçirilmiş, Silahlı Qüvvələrimizin döyüş imkanları ən müasir standartlar səviyyəsinə çatdırılmışdır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev böyük təmkinlə, müdrikcəsinə və uzaqgörənliklə torpaqlarımızın işğaldan azad olunmasının tarixini ildən-ilə, aydan-aya, gündən-günə yaxınlaşdırdı.

Ümumiyyətlə, dünya erməniliyinin, mənfur Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi hər zaman müstəqil Azərbaycan dövlətinin, onun qurucusunun və müzəffər liderinin prioritet məqsədlərindən biri kimi özünü açıq şəkildə göstərmişdir. Müdrik xalqımız da əmin idi ki, torpaqlarımız gec-tez mütləq işğaldan azad olunacaqdır. Çünki Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi dönməz siyasi kurs başqa cür düşünməyə əsas vermirdi və Azərbaycanı hər an, addım-addım torpaqlarımızın azadlığına aparırdı. 

2020-ci ilin Vətən müharibəsində şəhidlərimizin, qazilərimizin al-qanı, canı bahasına torpaqlarımızın işğaldan azad edilməsi böyük Heydər Əliyev ideyalarının, Prezident İlham Əliyev qətiyyətinin, komandanlığının ən böyük təntənəsinə çevrildi. Sözdən və danışıqlardan anlamayan işğalçı Ermənistan döyüş meydanında əzilərək, cəzalandırılaraq torpaqlarımızdan it kimi qovuldu. 44 günlük savaşda qazanılan tarixi Zəfər səhifələri qanla yazılmış müstəqillik və dövlətçilik tariximizi nəinki şərəfləndirdi, xalqımızın iftixar, qürur mənbəyinə çevrildi. 

2023-cü ildə isə Prezident İlham Əliyevin qətiyyətli və milli maraqları prinsipallıqla ehtiva edən siyasi kursunun nəticəsi olaraq Qarabağda erməni separatizminə son qoyuldu. Bununla da Ermənistanın və dünya erməniliyinin Azərbaycan ərazilərində ikinci erməni dövləti yaratmaq kimi riyakar planı iflasa uğradıldı. Ərazilərimizdə 200 ilə yaxın davam edən erməni separatçılığını cəmi 23 saata darmadağın edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla da təkrarsız ənənələrə və qiymətli dəyərlərə sahib Azərbaycan dövləti və xalqı qarşısında daha bir missiyasını ləyaqətlə, layiqincə yerinə yetirdi. Bununla həm də bütün ərazilərimiz üzərində milli suverenliyimiz təmin olundu. Prezident İlham Əliyevin Azərbaycan Respublikasında 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsi haqqında sərəncamında bu barədə deyilir: "2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur".

Bu möhtəşəm qələbələrin və uğurların davamı kimi Qazax rayonunun 1990-cı illərinin əvvəllərində işğal edilmiş 4 kəndinin də işğaldan azad olunması Prezident İlham Əliyevin xalqımıza bəxş etdiyi növbəti siyasi-diplomatik zəfər kimi tarixə yazıldı. 

Mehriban Əliyevanın təşəbbüsləri ilə reallaşan möhtəşəm layihələr

Artıq 5 ildir ki, Heydər Əliyev ideyalarının daha bir təntənəsi Qarabağda və Şərqi Zəngəzurda yaşanır. İşğaldan azad edilmiş bu torpaqlar indi yenidən qurulur, onlara yeni həyat verilir. Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı ilə indiyədək görülmüş işlərin miqyası böyük və həm də qürurvericidir. Bu gün müstəqil Azərbaycan dövləti özünün gücü, maliyyəsi ilə 4 Lüksemburq və ya 1 Livan dövləti qədər bir ərazini yenidən tikir, qurur. 5-ci ildir ki, ümumi sahəsi 10 min kvadrat kilometrdən çox olan bir ərazidə "Ağıllı" şəhər və "ağıllı" kənd konsepsiyaları əsasında müasir şəhərlər və kəndlər salınır, "yaşıl" texnologiyaların tətbiqi ilə "yaşıl enerji" zonası yaradılır, müasir standartlara cavab verən avtomobil yolları çəkilir, hava limanları inşa edilir. Prezident İlham Əliyevin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın azad edilmiş ərazilərə hər gəlişi yeni təməllərin atılması və ya açılışlarla əlamətdar tarixə çevrilir. Artıq Laçın, Füzuli, Şuşa, Xocalı və Cəbrayıl şəhərlərinə, Zəngilan rayonunun Ağalı, Tərtər rayonunun Talış, Laçın rayonunun Zabux, Sus, Xocalı rayonunun Ballıca, Ağdərə rayonunun Həsənriz və Suqovuşan, Ağdam rayonunun Sarıcalı kəndlərinə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub və bu proses demək olar ki, hər gün davam edir. İndiyədək 13 min nəfərdən artıq keçmiş məcburi köçkün doğma yurd-yuvasına geri dönüb.

Vətən müharibəsindəki zəfərin quruculuq meydanındakı davamı olan Böyük qayıdış həm də Heydər Əliyevin arzularının, ideyalarının çiçək açmasıdır. Böyük qayıdış, Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesi dövlətimizin əsas məqsədlərindən biri kimi, həm də Ulu Öndərin ideyalarının davamlı şəkildə həyata keçirilməsinə dəstək verir. Bu istiqamətdə Heydər Əliyev Fondu tərəfindən görülən işlər xüsusi alqışa layiqdir. Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə Qarabağda, Zəngəzurda həyata keçirilən quruculuq işləri azad edilmiş ərazilərin bərpası prosesinə böyük təkan və yaddaqalan töhfələr verir.

Bu günlərdə fəaliyyətə başlamasının 21 ili tamam olan Heydər Əliyev Fondunun bərpa və quruculuq layihələrinə azad edilmiş ərazilərimizdə, o cümlədən Qarabağın tacı olan əziz Şuşamızda tez-tez rast gəlmək mümkündür. Fondun reallaşdırdığı layihələrin əhatə dairəsi olduqca geniş və çoxşaxəlidir. Ötən 5 ilə yaxın müddətdə möhtəşəm layihələrin bir qismi demək olar ki, tam icra olunmuşdur. Belə ki, Şuşada dahi Azərbaycan şairi və ictimai-xadim Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı, Mamayı məscidlərinin, Mehmandarovların malikanə kompleksi ərazisindəki məscidin, Mehmandarovların malikanəsinin, "Şirin su" hamamın, Şuşada Yaradıcılıq Mərkəzinin, Zəngilan məscidinin, Ağdam Cümə məscidinin bərpası məhz Heydər Əliyev Fondu tərəfindən həyata keçirilmişdir.

Beləliklə, Prezident İlham Əliyevin fədakar silahdaşı olan Mehriban xanım Əliyevanın vətənə, xalqa xidmətinin daha bir nümunəsi Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işləridir. Başqa cür desək, birinci xanım Mehriban Əliyeva həm də Qarabağ və Şərqi Zəngəzurdakı möhtəşəm quruculuğun baş memarlarından, müəlliflərindən biridir. Heydər Əliyev Fondu isə işğaldan azad edilmiş ərazilərimizin bərpasına hələ çox töhfələr verəcək və bütün bunlar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın vətən sevgisinin təcəssümü kimi Azərbaycanın, Qarabağın və Şərqi Zəngəzurun bərpası tarixinə qızıl hərflərlə yazılacaq. 

Ulu Öndər Heydər Əliyevin dəqiqliklə hədəflədiyi, müəyyənləşdirərək həyata keçirdiyi, möhtərəm Prezident İlham Əliyevin bu gün də layiqincə davam və inkişaf etdirdiyi uğurlu siyasət məhz müstəqil Azərbaycanın inkişafını, qüdrətli dövlətə çevrilməsini, torpaqlarımızın işğaldan azad olunmasını və bütün ərazilərimiz üzərində milli suverenliyimizin bərpasını təmin etdi desək, tamamilə doğru olar. Bütün bunlar bir daha onu təsdiq edir ki, Ümummilli Lider Heydər Əliyevin ölməz, əbədiyaşar ideyaları və cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kurs bu gün də, sabah da, on illər sonra da Azərbaycanın yüksəlişinin və etibarlı gələcəyinin alternativsiz təminatçısıdır!

Bəxtiyar ƏSGƏROV,
Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri
Milli.Az

Избранный
0
2
milli.az

2Источники