Mayın 6-da “Konstitusiya və Suverenlik İli” çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş konsert proqramı təşkil edilib.
“İki sahil” xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının, Elm və Təhsil Nazirliyinin və Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası sədrinin müavini-Mərkəzi aparatın sədri Tahir Budaqov, Yeni Azərbaycan Partiyası Ağdam rayon Təşkilatının sədri Mansur Quliyev, Milli Məclisin deputatları Aqil Abbas, Bəxtiyar Əliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev, Ağdam Musiqi Kollecinin müəllim və tələbə heyəti, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının və Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Əvvəlcə Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx iştirakçılara təqdim olunmuşdur. Tədbirin gedişində Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə Respublikanın əməkdar artisti Fehruz Səxavətin və kollecin müəllim və tələbə heyətinin ifasında rəngarəng musiqi nömrələri iştirakçılara təqdim edilmişdir. Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.