RU

Aqrar sahədə qarışıq mənzərə: Yağıntılar həm fayda verib, həm problem yaradıb

BAKI, 7 may. TELEQRAF

Son günlər intensivləşən yağıntıların məhsuldarlığa təsir təsirləri fərqli olub. Bəzi ərazilərdə vegetasiya prosesi sürətlənib, bəzilərində isə məhsuldarlığa ciddi ziyan dəyib. Xaçmaz, Quba, Şamaxı, Qusar, Balakəndə meyvə istehsalçıları çıxılmaz vəziyyətdə qalıblar. Aqrar Sığorta Fonduna edilən müraciətlərdə səğorta hadisələrinin məbləği ziyanın miqyasının böyük olduğunu demeyə əsasə verir. Konkret olaraq apreldə leysan xarakterli yağışdan sonra 13 milyon manatlıq sığorta hadisəsi ilə bağlı müraciət daxil olub.

Aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov Teleqraf-a açıqlamasında bildirib ki, xüsusilə Quba-Qusar rayonlarında güclü yağışlar və külək taxıl sahələrində yerdəyişməyə səbəb olub. Bu isə biçin zamanı çətinliklər yaradır və müasir kombayn texnikasından istifadə edilmədiyi zaman məhsulun yığımı çətinləşir:

"Aprelin 20-dən intensiv yağıntılar müşahidə olunur. Bu, xüsusilə örüş və təbii biçənək sahələrində otların inkişafına müsbət təsir etsə də, eyni zamanda yağıntılı havalarda mal-qaranı otlağa çıxarmaqda çətinliklər yaradır. Yem bitkilərinin biçilib qurudulması prosesi ləngiyir. Yağış quruma prosesinə imkan vermir və təəssüf ki, bu cür problemlər hələ də mövcuddur".

Ekspertə görə, yağıntılar faydalı olub, lakin bəzi sahələrdə fermerlərin vaxtında tədbir görmədiklərindən zərərlə üzləşiblər:

"Belə hallarda, çox güman ki, vaxtında aqrotexniki tədbirlər görülməyib və küləyə davamlı sortlar əkilməyib. Onların yerinə, külək əsnasında asanlıqla yatan, dayanıqsız bitki sortlarından istifadə edilib. Bu baxımdan, fermer və kənd təsərrüfatı ilə məşğul olan şəxslər hava şəraitinin son dövrlərdə qlobal iqlim dəyişiklikləri fonunda daha qeyri-sabit olduğunu nəzərə almalı və təsərrüfatlarını buna uyğun şəkildə təşkil etməlidirlər.

İqlim stresslərinə davamlı sortların seçilməsi vacibdir ki, sərt hava şəraitinin təsiri minimuma endirilsin. Eyni zamanda, bitkilərin sağlam və normal inkişafı üçün torpağın tərkibində təxminən 20-yə yaxın əsas mineral element mövcud olmalı və bu elementlərlə torpaq vaxtında təmin edilməlidir."

Regionlarda məhsul yığımı vəziyyəti

Vahid Məhərrəmov söyləyib ki, hazırda məhsul yığımı ilə bağlı vəziyyət fərqlidir:

"Örtülü sahələrdə yetişdirilən çiyələk və soğanın yığım prosesi gedir. Bundan sonra ərik və gilas kimi bəzi meyvələrin yığım prosesi başlayacaq. Havalar isti keçərsə yetişmə prosesi sürətlənəcək. Lakin hava soyuyarsa, məhsulun yığılması və bazara çıxarılması vaxtını proqnozlaşdırmaq çətin olacaq".

Fermerlər bildirirlər ki, artıq meyvələrin əksəriyyəti tozlanma, mayalanma fazasın keçib. Tək-tük ağaclar var ki, onlarda çiçəklənmə prosesi ləngiyir. Həmin meyvələrə yağış və qeyri-sabit hava şəraiti təsir göstərir. Yəni yağıntılar davam edərsə, çiçəklərin mayalanma prosesi pozula və həmin ağaclarda məhsuldarlıq aşağı düşə bilər.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə Əlaqələr və İnformasiya Təminatı Şöbəsinin müdiri Vüqar Hüseynov isə qeyd edib ki, hazırda ölkədə məhsul yığımının kütləvi dövrü başlamayıb. Taxıl biçini iyunun ilk ongünlüyündə start götürəcək:

"Barama mövsümü isə artıq başlayıb və 40 gündən sonra məhsul yığımı gözlənilir. Pambıq yığımı isə sentyabrın sonu, oktyabrın əvvəlində başlayacaq".

Избранный
0
teleqraf.com

1Источники