RU

XƏBƏRDARLIQ: Keçmiş SSRİ-nin kosmik modulunun qalıqları Azərbaycan ərazisinə düşəcək?

Son günlərdə kosmos sahəsində narahatlıq doğuran bir xəbər gündəmə çevrilib.

Bizim.Media xəbər verir ki, ABŞ-ın NASA agentliyi xəbərdarlıq edib ki, SSRİ tərəfindən 1972-ci il martın 31-də Veneraya göndərilən, lakin texniki nasazlıq səbəbilə orbitdə qalan “Kosmos-482” adlı eniş modulu Yer kürəsinə nəzarətsiz şəkildə yaxınlaşır və 8-14 may tarixləri arasında Yer atmosferinə daxil olaraq yerə çırpıla bilər.
 

Agentlik ehtimal edir ki, təxminən 10 may tarixində təxminən 495 kiloqram ağırlığında olan aparat yerə düşəcək və onun Suriya, Türkiyə, Misir və Azərbaycanın əraziləri üzərində keçəcəyi ehtimal olunur. NASA-nın məlumatlarına əsaslanan hesablamalara görə, bu orbit parametrləri modulun quru üzərində – xüsusilə Yaxın Şərqdə yerləşən ölkələrə – düşmək ehtimalını artırır.


Tanınmış kosmik texnologiyalar bloqu “Texas Vestnik”in müəllifi Georgi Trişkin BBC-yə verdiyi müsahibədə bildirib ki, aparat tam şəkildə salamat qalaraq yerə təxminən saatda 242 kilometr sürətlə düşərsə, 1,1–1,2 meqacoul enerji ilə zərbə endirəcək ki, bu da təqribən bir neçə yüz qram trotil partlayışına bərabərdir. Bu isə, modulu əhalinin sıx yaşadığı ərazilərə düşərsə, müəyyən risklər yarada bilər.

Bununla belə, Azərbaycan xalqını narahat edən bu xəbər barədə Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru, professor Nəriman İsmayılov minval-a açıqlamasında cəmiyyəti sakitləşdirməyə çalışıb:

“Aparatın düşə biləcəyi ölkələr arasında Azərbaycanın adı da çəkilir. Amma onun trayektoriyası Misir və Azərbaycanın arasından keçərkən yalnız kiçik bir hissəsi Türkiyəni, həmçinin Suriya, İordaniya və İsraili əhatə edir. Yəni qeyd olunan istiqamət dəqiq hesablanmayıb. Hətta bəzi ölkələrin adlarının çəkilməməsi də bu məlumatların dəqiqliyinə şübhə doğurur.”

Ekspertlərin də vurğuladığı kimi, Yerə nəzarətsiz şəkildə yaxınlaşan kosmik qalıqlar hər zaman müəyyən dərəcədə təhlükə yaratsa da, dəqiq düşmə nöqtəsini proqnozlaşdırmaq çətindir. Ancaq Azərbaycan alimləri bu ehtimalın çox aşağı olduğunu düşünürlər və panikaya əsas olmadığını bildirirlər.

Bizim.Media

Избранный
0
bizim.media

1Источники