ADA-da Özbəkistanın bir sıra dövlət orqanlarının kommunikasiyaya məsul şəxsləri üçün seminar keçilib - FOTO
Mayın 7-sı Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramının birgə təşkilatçılığı ilə Özbəkistanın bir sıra dövlət orqan və qurumlarının kommunikasiyaya məsul şəxsləri üçün “Narrativlərin formalaşdırılması: Strateji kommunikasiya və ictimaiyyətlə əlaqələrdə effektivlik” mövzusunda seminar keçilib. Bu barədə 1news.az-a MEDİA-dan məlumat verilib. Bildirilib ki, ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media ixtisasının müəllimi, Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü Şəfəq Mehrəliyeva tərəfindən keçilən seminarda iştirakçılara müasir kommunikasiya mühitində ictimai narrativlərin formalaşdırılması, ictimaiyyətlə əlaqələrin idarə olunması və strateji mesajların hədəf auditoriyalara çatdırılması ilə bağlı beynəlxalq yanaşmalar barədə məlumat verilib. Seminarda vurğulanıb ki, rəqəmsal transformasiya dövründə məqsədi və hədəfi dəqiq müəyyənləşdirilmiş kommunikasiya strategiyalarının hazırlanması, düzgün məzmun siyasətinin həyata keçirilməsi və vahid institusional yanaşmanın tətbiqi dövlət qurumlarının fəaliyyətinin səmərəliliyinə mühüm təsir göstərir.