Özbəkistanın bir sıra dövlət orqan və qurumlarının kommunikasiyaya məsul şəxsləri üçün mayın 7-də “Narrativlərin formalaşdırılması: Strateji kommunikasiya və ictimaiyyətlə əlaqələrdə effektivlik” mövzusunda seminar keçilib.
"Report" xəbər verir ki, seminar ADA Universitetinin Kommunikasiya və Rəqəmsal Media ixtisasının müəllimi, Medianın İnkişafı Agentliyi (MEDİA) Müşahidə Şurasının üzvü Şəfəq Mehrəliyevanın təşəbbüsü, MEDİA ilə ADA Universitetinin İxtisasartırma Proqramının birgə təşkilatçılığı ilə keçirilib.
Seminarda iştirakçılara müasir kommunikasiya mühitində ictimai narrativlərin formalaşdırılması, ictimaiyyətlə əlaqələrin idarə olunması və strateji mesajların hədəf auditoriyalara çatdırılması ilə bağlı beynəlxalq yanaşmalar barədə məlumat verilib.
Vurğulanıb ki, rəqəmsal transformasiya dövründə məqsədi və hədəfi dəqiq müəyyənləşdirilmiş kommunikasiya strategiyalarının hazırlanması, düzgün məzmun siyasətinin həyata keçirilməsi və vahid institusional yanaşmanın tətbiqi dövlət qurumlarının fəaliyyətinin səmərəliliyinə mühüm təsir göstərir.