RU

Ölkəmiz Səudiyyə Ərəbistanı ilə rəqəmsallaşma sahəsində əməkdaşlıq edəcək

Xalq qazeti saytına istinadən ain.az xəbər verir.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü və Almaniyanın “Hertie School” Unversitetinin tərəfdaşlığı ilə keçirilən “Rəqəmsal akademiya”nın növbəti səfəri Səudiyyə Ərəbistanına olub. “Rəqəmsal transformasiya və dövlət sektorunda səmərəlilik” mövzusuna həsr olunmuş sessiyada Azərbaycanın dövlət qurumlarının nümayəndələri və Səudiyyə Ərəbistanının rəqəmsallaşma üzrə aparıcı ekspertləri iştirak ediblər.

Səfərin məqsədi Səudiyyə Ərəbistanının rəqəmsal transformasiya strategiyası, rəqabətqabiliyyətli rəqəmsal ekosistemin inkişafı istiqamətində reallaşdırdığı fəaliyyətlə bağlı təcrübənin öyrənilməsi olub. Görüşlər zamanı Azərbaycanın rəqəmsal inkişaf yanaşması və rəqəmsal həlləri haqqında ətraflı məlumat verilib, ölkə təcrübəsinin Səudiyyə Ərəbistanında tətbiqini nəzərdə tutan əməkdaşlığın perspektivləri üzrə danışıqlar aparılıb.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin məlumatına görə, ikigünlük proqram çərçivəsində Səudiyyə Ərəbistanının Rəqəmsal Hökumət İdarəsinin nəzdində yeni yaradılmış “Innovation Hub” ilə tanışlıq turu keçirilib. Bu ölkənin Data və Süni İntellekt üzrə İdarəsində isə tədqiqat və innovasiya təşəbbüsləri, eləcə də tənzimləyici çərçivələr, siyasət və qərarvermə mexanizmləri müzakirə olunub.

Eyni zamanda, Rabitə, Kosmos və Texnologiyalar Komissiyası (CST) və “KAPSARC”da görüşlər keçirilib. Bu görüşdə qurumun prezidenti Fahad Alajlan və Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev də iştirak ediblər. “KAPSARC”da, həmçinin sahənin ekspertləri və rəhbər şəxslərlə fikir mübadiləsi aparılıb. Müzakirələrdə enerji sektorunda rəqəmsal transformasiya, dövlət şirkətlərində rəqəmsallaşma siyasəti və süni intellektin tətbiqi kimi mövzular ətrafında diskussiyalara geniş yer ayrılıb.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavini Şahin Əliyev səfər çərçivəsində hər iki ölkə arasında rəqəmsal təcrübə mübadiləsi məqsədilə nəticəyönümlü müzakirələr aparıldığını bildirib. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı tərəfindən Azərbaycanın bir sıra rəqəmsal həllərinə, xüsusilə də rəqəmsal sənəd dövriyyəsinə xüsusi maraq göstərildiyini vurğulayan sədr müavini iki ölkə arasında gələcəkdə bu istiqamərdə əməkdaşlığın davam etdiriləcəyini diqqətə çatdırıb.

Xatırladaq ki, “Rəqəmsal akademiya”nın strateji sessiyasında və səfərlərdə nazir müavinləri, dövlət qurumları rəhbərlərinin müavinləri və müşavirlər də daxil olmaqla indiyədək 43 dövlət qurumundan 70 nəfər rəhbər kadr iştirak edib. Bu təşəbbüsün davamı olaraq, proqram çərçivəsində bir sıra səfərlər həyata keçirilib. Bu il yanvarın 27-28-də rəhbər şəxslərin iştirakı ilə Almaniya Federativ Respublikasının Berlin şəhərinə, aprelin 10-11-də isə Sinqapura müvafiq səfərlər həyata keçirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
0
2
icma.az

4Источники